Ukrayna gələcəkdə Azərbaycanın əsas tərəfdaşlarından birinə çevrilə bilər

Ukrayna gələcəkdə Azərbaycanın əsas tərəfdaşlarından birinə çevrilə bilər
09:02
Xəbər verdiyimiz kimi Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində o Qəbələdə Prezident İlham Əliyevlə görüşüb, vacib müzakirələr aparıb.
Bu səfərin siyasi-iqtisadi əhəmiyyəti barədə danışan iqtisadçı Eldəniz Əmirov deyir ki, son dönəmlər Ukrayna ilə iqtisadi əlaqələr getdikcə daha konkret məzmun qazanır və bu istiqamət Azərbaycan üçün Şərqi Avropada möhkəmlənmək imkanı yaradır:
"Enerji sektoru bu münasibətlərin əsas dayaqlarından biridir. SOCAR-ın Ukraynadakı fəaliyyəti artıq bu bazarda davamlı biznes mövcudluğunun formalaşdığını göstərir.
Bu əməkdaşlığın təsiri enerji ilə məhdud qalmır. Yük axınlarının artması Qara dəniz üzərindən daşımaları, dəmir yolu xətlərini və Orta Dəhliz üzrə tranzit imkanlarını daha da aktuallaşdırır. Nəticədə logistika, anbar, sığorta və xidmət sahələri üçün əlavə iqtisadi fəallıq yaranır.
Ukrayna istiqaməti Avropa bazarlarına çıxış baxımından da əhəmiyyətli coğrafi üstünlük verir. Bu marşrutların işlək olması Azərbaycanın Avropanın enerji təminatında rolunu daha sabit və geniş miqyaslı edir.
Bundan əlavə, müharibədən sonrakı mərhələdə Ukraynanın yenidən qurulması prosesi yeni əməkdaşlıq sahələri açır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa modeli, infrastruktur quruculuğu təcrübəsi və tətbiq etdiyi idarəetmə yanaşmaları Ukrayna üçün praktik fayda verə bilər. Bu sahədə əməkdaşlıq həm iqtisadi, həm də institusional baxımdan ciddo önəm daşıyacaq.
Aqrar sahədə də perspektiv genişdir. Ukrayna gələcəkdə Azərbaycanın əsas tərəfdaşlarından birinə çevrilə bilər. Bir tərəfdən, Azərbaycan məhsulları üçün geniş bazar formalaşır. Digər tərəfdən, ərzaqlıq məhsullar, xüsusilə taxıl üzrə etibarlı təchizat imkanları yaranır. Azərbaycan şirkətlərinin Ukraynada torpaq icarəyə götürərək istehsal fəaliyyəti qurması da praktik baxımdan mümkün və iqtisadi cəhətdən əsaslandırılmış yanaşmadır.
Əlqərəz, münasibətlər tədricən enerji, logistika, yenidənqurma və bərpa, eləcə də aqrar sahələri birləşdirən çoxşaxəli iqtisasi əməkdaşlıq modelinə çevrilməkdədir".

Sizin reklam burada
Sizin reklam burada