ABŞ-da nəhəng müdafiə paketi gündəmdə: Tramp Konqresi çağırdı

ABŞ-da nəhəng müdafiə paketi gündəmdə: Tramp Konqresi çağırdı
11:41

ABŞ Prezidenti Donald Tramp Konqresdəki respublikaçılara Müdafiə Nazirliyi üçün nəzərdə tutulan 350 milyard dollarlıq əlavə büdcə paketinin dərhal təqdim edilərək təsdiqlənməsi çağırışı edib.

News365.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” platformasında paylaşımında bildirib.

“Konqresdəki respublikaçıları 350 milyard dollarlıq Recon 3.0 büdcə uzlaşma qanun layihəsini dərhal irəli sürməyə və qəbul etməyə çağırıram”, – deyə o qeyd edib.

Trampın sözlərinə görə, sözügedən maliyyə paketi ABŞ-ın ümumi müdafiə büdcəsinin 1,5 trilyon dollara çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

O vurğulayıb ki, əlavə vəsait Silahlı Qüvvələrin modernləşdirilməsi, “Qızıl günbəz” raketdən müdafiə sistemi və “Qızıl donanma” layihəsinin həyata keçirilməsi, eləcə də sursat ehtiyatlarının artırılması üçün vacibdir. Eyni zamanda F-47 qırıcıları, B-21 bombardmançıları və pilotsuz uçuş aparatlarının istehsalının genişləndirilməsi də planlara daxildir.

Qanun layihəsi həmçinin Trampın “Amerikanı Xilas Et” təşəbbüsü çərçivəsində təqdim etdiyi bir sıra islahatları da əhatə edir. Bu islahatlara seçkilərdə fotoşəkilli şəxsiyyət vəsiqəsinin məcburi olması, vətəndaşlığın təsdiqi tələbi və poçtla səsverməyə məhdudiyyətlərin tətbiqi daxildir.

Bundan başqa, sosial sahədə kişilərin qadın idman yarışlarından kənarlaşdırılması və yetkinlik yaşına çatmayanlara cinsiyyət dəyişdirmə əməliyyatlarının qadağan olunması kimi müddəalar da paketə daxil edilib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada