Rusiya ilə Ermənistan arasında son illər müşahidə olunan gərginliyin mahiyyəti və Ermənistanda keçirilən seçkilərin nəticələri ilə bağlı müxtəlif müzakirələr davam edir.
Politoloq Anar Əliyev News365.az-a açıqlamasında bildirib ki, Moskva ilə İrəvan arasında yaşanan gərginliyin müəyyən hissəsi görüntü xarakteri daşıya bilər.

Onun sözlərinə görə, Rusiya-Ermənistan münasibətlərində müşahidə olunan qarşıdurma tamamilə spontan proses deyil:
“Əvvəldən də qeyd edirdim ki, Rusiya ilə Ermənistan arasında görünən gərginliyin müəyyən hissəsi razılaşdırılmış xarakter daşıyır. Bu, bir tərəfdən Ermənistan hakimiyyətinin Qərbyönümlü imic formalaşdırmasına xidmət edir, digər tərəfdən isə Rusiyanın müəyyən iqtisadi və siyasi maraqlarını Ermənistan üzərindən reallaşdırmasına imkan yaradır”.
Politoloq bildirib ki, Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri gözlənilən ssenariyə uyğun olub:
“Mən əvvəldən hesab edirdim ki, seçkilər təxminən bu nəticələrlə yekunlaşacaq. Əgər Rusiya həqiqətən Ermənistanda hakimiyyət dəyişikliyi istəyirdisə, bunu aylar öncədən planlaşdırmalı və yeni siyasi qüvvənin formalaşdırılmasına ciddi dəstək verməli idi. Bunun üçün maliyyə, siyasi, iqtisadi və diplomatik resursların səfərbər edilməsi, həmçinin Ermənistan daxilində geniş ictimai dəstəyin təşkil olunması tələb olunurdu”.
Anar Əliyev qeyd edib ki, ötən ilin sonu və cari ilin əvvəlində belə addımların atılmaması Moskvanın əsas məqsədinin hakimiyyəti dəyişmək olmadığını göstərir:
“Dekabr, yanvar və fevral aylarında bu istiqamətdə ciddi fəaliyyət müşahidə olunmadı. Bu isə onu göstərir ki, Rusiya Ermənistanda hakimiyyətin tam dəyişməsini istəmir. Moskvanın əsas məqsədi hakimiyyət üzərində təsir imkanlarını qoruyub saxlamaqdır”.
Politoloqun fikrincə, hazırda əsas məsələ seçki nəticələrinin yekun hesablanmasından sonra parlamentdə mandat bölgüsünün necə formalaşacağıdır:
“Ermənistan qanunvericiliyinə əsasən, parlamentə düşə bilməyən partiyaların səsləri müəyyən qaydada mandat qazanan siyasi qüvvələr arasında bölüşdürülür. Bu prosesin nəticəsində Nikol Paşinyanın komandası hökuməti koalisiyasız formalaşdırmaq imkanı əldə edə bilər. Hətta onların parlamentdə daha geniş çoxluq qazanmaq ehtimalı da mövcuddur”.
Anar Əliyev hesab edir ki, Moskva məhz bu ssenarinin reallaşmasını istəmir:
“Rusiyanın marağı Paşinyanın seçkidə üstünlük qazanması, lakin hökuməti təkbaşına formalaşdıra bilməməsidir. Moskva istəyir ki, Paşinyan koalisiya hökuməti qurmağa məcbur olsun və bu yolla onun üzərində siyasi təsir imkanları saxlanılsın. Əgər bu mümkün olmazsa, ən azı hakim partiyanın parlamentdə konstitusion çoxluq əldə etməsinin qarşısını almağa çalışacaq”.
Politoloq vurğulayıb ki, seçkilərin yekun nəticələri və mandat bölgüsü Ermənistanın gələcək siyasi kursunun müəyyənləşməsində həlledici rol oynayacaq.