İran–Qərb danışıqları: Razılaşma niyə gecikir? - AÇIQLAMA

İran–Qərb danışıqları: Razılaşma niyə gecikir? - AÇIQLAMA
10:46

"İran–Qərb xəttində gərginlik və danışıqlar prosesi davam etsə də, yaxın vaxtlarda tərəflər arasında yekun razılaşmanın əldə olunması real görünmür".

Bunu politoloq Fikrət Sadıqov News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, prosesin gedişinə baxmayaraq, bir həftə ərzində hansısa sazişin imzalanması ehtimalı zəifdir.

“Tərəflər danışıqları davam etdirə bilər, amma yaxın bir həftə ərzində razılaşmanın əldə olunacağını düşünmürəm. Bunun əsas səbəbi İranın irəli sürdüyü şərtlərin olduqca sərt olmasıdır”, – deyə politoloq bildirib.

F. Sadıqov qeyd edib ki, İranın tələbləri arasında sanksiyaların tam aradan qaldırılması və müharibənin yekunlaşdırılması kimi məsələlər yer alır.

“Fikir verin, bu tələblər artıq açıq şəkildə səsləndirilir. Lakin hesab etmirəm ki, ABŞ və İsrail bu şərtləri qəbul etməyə hazırdır”, – o vurğulayıb.

Politoloq əlavə edib ki, İsrailin bölgədə, xüsusilə Suriya və Livan istiqamətində müəyyən strateji məqsədləri var.

“İsrail Hizbullah və digər proksi qüvvələrə qarşı əməliyyatlar aparır, regionda öz təhlükəsizlik maraqlarını qorumağa çalışır”, – deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ-nin əsas diqqəti İranın nüvə proqramı və Hörmüz boğazı kimi strateji məsələlərə yönəlib.

“Bu səbəbdən tərəflər arasında tam razılaşma qısa müddətdə mümkün deyil”, – politoloq qeyd edib.

F. Sadıqov hesab edir ki, atəşkəsin müəyyən formada davam etməsi ehtimal olunsa da, uzunmüddətli sabitlik üçün kompromis vacibdir.

“Əks halda, bölgədə yenidən gərginlik və qarşılıqlı zərbələr qaçılmaz olacaq. Danışıqlar davam edəcək, amma bunun üçün tərəflərin mövqelərində müəyyən yumşalmalar olmalıdır”, – deyə o əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada