Paşinyana Qərb dəstəyi davam edir - Nəticələr müzakirədə

Paşinyana Qərb dəstəyi davam edir - Nəticələr müzakirədə
10:39

Ermənistanın son illərdə Avropa İttifaqı ilə münasibətləri sürətlə genişlənir. İrəvanın Qərbə inteqrasiya siyasəti, Avropa qurumlarının ölkəyə maliyyə və siyasi dəstəyi, eləcə də Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar regionda yeni geosiyasi müzakirələrə səbəb olub. Bəs Avropa İttifaqının Ermənistana dəstəyi hansı nəticələri verir və bu proses ölkənin gələcək xarici siyasət kursuna necə təsir göstərə bilər?

Politoloq Sabir Məmmədli News365.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının Ermənistana verdiyi siyasi dəstəyin əsas məqsədi bu ölkəni Avropa məkanına daha da yaxınlaşdırmaqdır:

"Avropa İttifaqı faktiki olaraq Ermənistana Avropa ölkələrinin dəstəyi ilə gəlib. Bu baxımdan prosesin əsas istiqaməti Ermənistanın Avropa İttifaqına inteqrasiyasına hesablanıb. Seçkiqabağı dövrdə də Avropa İttifaqının müxtəlif formalarda Nikol Paşinyana və onun komandasına dəstək verdiyini müşahidə etdik. Təkcə Avropa deyil, ABŞ rəhbərliyi də Paşinyana müxtəlif səviyyələrdə dəstək göstərməyə çalışdı.

Bununla belə, seçkilərin nəticələrinə baxdıqda görürük ki, Paşinyanın siyasi qüvvəsi əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər zəifləyib. Ona görə də Avropa İttifaqının dəstəyinin hansı nəticələr verdiyini ayrıca qiymətləndirmək lazımdır. Digər tərəfdən, müxalif qüvvələr də bu prosesdən yararlanaraq müəyyən mənada mövqelərini gücləndirə biliblər.

Hazırda Avropa İttifaqının Ermənistan rəhbərliyinə dəstəyi daha çox maliyyə proqramları və iqtisadi təşəbbüslər üzərindən həyata keçirilir. Ermənistanın məhsullarının əsas bazarlarından biri Rusiyadır. Nikol Paşinyan da bəyan edib ki, Avropa İttifaqı Ermənistan məhsulları üçün yeni bazar imkanları yaratmağa çalışır. Hətta Avropa İttifaqı rəhbərliyi tərəfindən Ermənistan məhsullarının Avropa bazarına müəyyən güzəştlərlə çıxışına şərait yaradılacağı ilə bağlı açıqlamalar verilib.

Lakin nəzərə almaq lazımdır ki, Ermənistanla Avropa İttifaqı ölkələri arasında ciddi coğrafi məsafə mövcuddur. Bu isə daşınma və logistika xərclərini artırır. Coğrafi faktor burada mühüm rol oynayır.

Belə bir şəraitdə Ermənistan rəhbərliyi alternativ yollar axtarır. Bu baxımdan Türkiyə ilə münasibətlərin normallaşdırılması və iqtisadi əlaqələrin genişləndirilməsi İrəvan üçün xüsusi əhəmiyyət daşıyır. Son dövrlərdə Türkiyədən də Ermənistanla ticarət əlaqələrinin yaxın gələcəkdə inkişaf edə biləcəyinə dair mesajlar səsləndirilir."


Sizin reklam burada
Sizin reklam burada