Ekspertdən çağırış: "Hərbçilərin kommunal xərcləri azaldılsın"

Ekspertdən çağırış: "Hərbçilərin kommunal xərcləri azaldılsın"
10:19

Azərbaycanda hərbi qulluqçuların sosial təminatının genişləndirilməsi məsələsi yenidən gündəmə gəlib. Xüsusilə kommunal ödənişlər və ictimai nəqliyyatdan istifadə ilə bağlı güzəştlərin tətbiqi təklif olunur.

Məsələ ilə bağlı News365.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əlavə addımların atılmasına ehtiyac var.


Onun sözlərinə görə, 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində hərbçilərlə bağlı yeni sosial təşəbbüslərin elan olunacağı istisna deyil:

"Hər il olduğu kimi, hərbçilərin mənzillə təmin olunması və ya mükafatlandırılması ilə bağlı qərarlar verilə bilər. Bununla yanaşı, onların sosial rifahını yaxşılaşdıracaq digər məsələlər də diqqətdə saxlanılmalıdır", – deyə ekspert vurğulayıb.

Ü. Cəfərov hesab edir ki, hərbi qulluqçular üçün kommunal xidmətlərdə müəyyən güzəştlərin tətbiqi məqsədəuyğun olardı. Onun fikrincə, xüsusilə xidmət zamanı və ya döyüşlərdə iştirak etmiş şəxslər üçün belə dəstək mexanizmlərinin yaradılması vacibdir.

Ekspert həmçinin ictimai nəqliyyatda güzəştlərin tətbiqinin də aktuallığını qeyd edib:

"Bütün hərbçilərin şəxsi avtomobili yoxdur. Onların bir qismi xidmət yerinə çatmaq üçün avtobus və metrodan istifadə edir. Bu baxımdan, xüsusi güzəştli nəqliyyat kartlarının tətbiqi faydalı addım ola bilər", – deyə o bildirib.

Üzeyir Cəfərovun sözlərinə görə, hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması onların xidmət motivasiyasına müsbət təsir göstərə və Silahlı Qüvvələrdə peşəkarlığın daha da artırılmasına töhfə verə bilər.


Sizin reklam burada
Sizin reklam burada