Türkiyədən S-400-lərlə bağlı kritik qərar - məhv edilə bilər

Türkiyədən S-400-lərlə bağlı kritik qərar - məhv edilə bilər
10:33

Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Birləşmiş Ərəb Əmirliklərinə satmaqla bağlı danışıqları dalana dirənib.

News365.az xəbər verir ki, bu barədə ABŞ-ın “Semafor” nəşri məlumat yayıb.

Məlumata görə, danışıqların nəticəsiz qalması Türkiyənin ABŞ-dan F-35 qırıcılarını almasına da mane olur. S-400-lərdən imtina edilməsini tələb edən amerikalı senatorlar Ankara ilə bağlı bu məsələdə güzəştə getmirlər.

Türkiyə S-400-ləri BƏƏ-yə sata və ya onları sıradan çıxara bilməsə, qarşıda daha radikal variantın - komplekslərin məhv edilməsinin olduğu bildirilir.

ABŞ rəsmilərindən biri “Semafor”a açıqlamasında problemin həlli üçün bir neçə variantın olduğunu və Türkiyənin məsələnin həllində maraqlı olduğunu deyib.

Ankaranın S-400-ləri BƏƏ-yə satmaq üçün Rusiyadan icazə istədiyi barədə məlumatlar iyul ayında yayılmışdı. Lakin danışıqlardan xəbərdar olan mənbələrə görə, proses sonradan dayanıb.

Danışıqların niyə dalana dirəndiyi dəqiq məlum deyil. Mümkün səbəblərdən biri kimi BƏƏ-nin də ABŞ istehsalı F-35 qırıcılarını almaq istəməsi göstərilir. Bu səbəbdən Əbu-Dabinin Rusiya istehsalı silah sistemləri ilə bağlı problem yaşamaq istəmədiyi bildirilir.

ABŞ senatoru Kris Kuns isə bildirib ki, S-400 sistemini əldə edib ərazisində yerləşdirən istənilən ölkə Türkiyənin üzləşdiyi narahatlıqlar, problemlər və məhdudiyyətlərlə qarşılaşacaq.


Sizin reklam burada
Sizin reklam burada