Təhsildə azadlıq və nizam-intizam arasındakı balans məsələsi yenidən diqqət mərkəzinə gəlib. Təhsil eksperti Etibar Əliyev böyük riyaziyyatçı və filosof, məntiq elminin yaradıcılarından biri, Nobel mükafatı laureatı Bertran Rasselin təhsillə bağlı fikirlərini bölüşüb.
Etibar Əliyev qeyd edib ki, Rasselin yanaşmasına görə, təhsildə azadlıq müəyyən ölçü məsələsidir. Azad təhsili dəstəkləmək uşaqların gün ərzində istədiklərini etməsi anlamına gəlmir. Bunun üçün müəyyən səviyyədə nizam-intizam və avtoritarlığın olması vacibdir. Əsas məsələ isə bu nizam-intizam və avtoritarlığın hansı formada tətbiq edilməsidir.
Ekspertin sözlərinə görə, təhsil dövlətin, müəllimin, ailənin və uşağın dünyagörüşündən təsirlənir. Bu tərəflərin heç biri tamamilə tərəfsiz deyil. Rassel də təhsilin məqsədlərinin həm müsbət, həm də mənfi nəticələrə səbəb ola biləcəyini vurğulayaraq, bu prosesə təsir edən amillər arasında dövlətin daha böyük rola malik olduğunu qeyd edib.
Etibar Əliyev Rasselin fikirlərinə istinadən yazıb ki, təhsilin ana, ata, dövlət və müəllim vasitəsilə istiqamətləndirilməsi bəzi hallarda uşağın mənafeyindən uzaqlaşa bilər.
“Dövlət uşaqdan milli hissini ucaltmasını və iqtidarı dəstəkləməsini gözləyir. Müəllim uşaqdan məktəbin başını uca etməyi istəyir. Valideynlər isə uşaqdan ailəyə başucalığı gətirməyi gözləyir”, – deyə Rasselin fikirləri təqdim olunub.
Ekspertin paylaşımında Rasselin təhsil proqramları ilə bağlı yanaşmasına da yer verilib. Bildirilir ki, tək bir deyil, bir neçə proqrama əsaslanan təhsil formasının tətbiqi daha faydalı ola bilər. Çünki bilik əldə etmək istəyinin gənclərin bir çoxunda təbii şəkildə mövcud olduğu vurğulanır.
Bu yanaşmaya əsasən, əsas məqsəd uşağa və gəncə bilik əldə etməyin dəyərli və əhəmiyyətli olduğunu aşılamaqdır.