Toylarda süfrənin zənginliyi çox vaxt mərasimin təmtərağının əsas göstəricilərindən birinə çevrilir. Bir neçə saat ərzində müxtəlif isti və soyuq yeməklərin, salatların, ət və toyuq məhsullarının süfrəyə təqdim edilməsi isə başqa bir məsələyə – qidaların saxlanma və hazırlanma şəraitinə diqqəti artırır.
Qida eksperti Ağa Salamov hesab edir ki, şadlıq evlərində menyunun həddindən artıq geniş olması qida təhlükəsizliyi baxımından əlavə risklər yarada bilər.
Ekspertin sözlərinə görə, toy mərasimlərində əsas məqsəd iki insanın ailə qurmasını qeyd etməkdir və bunun üçün süfrənin mümkün qədər çox yeməklə doldurulmasına ehtiyac yoxdur.
Salamov bildirib ki, çoxsaylı məhsulun eyni vaxtda hazırlanması və saxlanılması zamanı temperatur rejiminə əməl edilməməsi ciddi problemlərə yol aça bilər.
Onun sözlərinə görə, xüsusilə soyuducularda temperaturun düzgün seçilməməsi, məhsullar arasında hava dövranının zəifləməsi və qidaların uyğun olmayan şəraitdə saxlanılması bakteriyaların çoxalmasına şərait yaradır.
Ən riskli məhsullar hansılardır?
Ağa Salamov xüsusilə ət, balıq və toyuq məhsullarının, eləcə də mayonez və yumurta ilə hazırlanan yeməklərin daha diqqətlə qorunmalı olduğunu vurğulayıb.
Ekspertin sözlərinə görə, problem yalnız məhsulun bişirilməsi ilə bitmir. Qidanın restorana qəbul edilməsindən başlayaraq daşınması, hazırlanması, bişirilməsi və masaya təqdim olunmasına qədər bütün mərhələlərdə sanitar və temperatur tələblərinə riayət edilməlidir.
Xüsusilə toyuq kababının hazırlanması zamanı vaxt amili ön plana çıxır. Toyuğun doğranması, souslanması və şişə keçirilməsi prosesində məhsul uzun müddət otaq temperaturunda qaldıqda risk arta bilər.
Bu səbəbdən hazırlıq prosesi mümkün qədər sürətli aparılmalı, bişirilməsi gecikən məhsullar isə uyğun temperaturda soyuducuda saxlanılmalıdır.
“Bakteriyalar insanın kimliyinə baxmır”
Ekspert qeyd edib ki, ictimai iaşə obyektlərində qida təhlükəsizliyi qaydalarının pozulması bəzən zəhərlənmə ilə nəticələnə bilər.
Onun sözlərinə görə, belə hallarda orqanizmi daha həssas olan insanlar üçün risk daha yüksəkdir. Uşaqlar, yaşlılar, hamilə qadınlar, immun sistemi zəif olan şəxslər və müəyyən müalicələr alan insanlar qida mənşəli infeksiyaların ağır nəticələri ilə daha çox üzləşə bilərlər.
Salamovun fikrincə, qida təhlükəsizliyində ən vacib məsələlərdən biri məhsulun yalnız təmiz hazırlanması deyil, həm də düzgün temperaturda saxlanılmasıdır.
“Patogen bakteriyalar insanın statusuna, vəzifəsinə və kimliyinə baxmır. Qida təhlükəsizliyi qaydalarının pozulması hər kəs üçün ciddi nəticələr yarada bilər”, – deyə ekspert vurğulayıb.
Ekspert restoran və şadlıq evlərində qida məhsullarının qəbulundan süfrəyə təqdim olunmasına qədər bütün mərhələlərə nəzarətin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.