İnformasiya savaşı dövlətlərarası etimadı sarsıda bilər

İnformasiya savaşı dövlətlərarası etimadı sarsıda bilər
13:44

Müasir dünyada informasiya yalnız baş verən hadisələrin ictimaiyyətə çatdırılması vasitəsi deyil, eyni zamanda dövlətlərarası münasibətlərə və cəmiyyətdə formalaşan təsəvvürlərə təsir edən mühüm amildir. Xüsusilə dezinformasiya, süni intellekt və rəqəmsal platformaların sürətli inkişafı informasiya təhlükəsizliyi ilə yanaşı, etimad məsələsini də gündəmə gətirir.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli News365.az-a açıqlamasında müasir informasiya mühitinin dövlətlərarası münasibətlərə təsirindən danışıb.

Deputatın sözlərinə görə, beynəlxalq münasibətlərdə qarşılıqlı etimad zəiflədikcə informasiya məkanı da qarşıdurmanın əsas istiqamətlərindən birinə çevrilir. O hesab edir ki, “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunun seçilməsi Azərbaycanın AQEM sədrliyi dövründə irəli sürdüyü diplomatik yanaşmanın informasiya müstəvisində davamı kimi qiymətləndirilə bilər.

“Dövlətlər arasında ziddiyyətlər artıq yalnız diplomatik bəyanatlar, siyasi qərarlar və hərbi güc nümayişi ilə məhdudlaşmır. Bu qarşıdurmaların bir hissəsi informasiya məkanında da meydana çıxır. İnformasiya hadisənin sadəcə təsviri olmaqdan çıxaraq onun siyasi qavrayışını formalaşdıran amilə çevrilib”, – deyə Elçin Mirzəbəyli bildirib.

Parlamentari vurğulayıb ki, yayılan məlumatın keyfiyyəti, mənbənin etibarlılığı, kontekstin qorunması və manipulyasiyadan uzaq olması dövlətlərarası münasibətlərə birbaşa təsir göstərə bilər.

Onun fikrincə, süni intellekt texnologiyalarının sürətli inkişafı bu məsələnin əhəmiyyətini daha da artırır. Çünki yeni texnologiyalar informasiyanın hazırlanması və yayılmasını sürətləndirməklə yanaşı, saxta materialların daha inandırıcı formada hazırlanmasına da imkan yaradır.

“Burada problem texnologiyanın özündə deyil, onun informasiya mühitinə məsuliyyətsiz müdaxilə üçün istifadəsindədir. Süni intellektin yaratdığı imkanlar informasiyanın hazırlanmasını, yayılmasını və istehlakını sürətləndirdiyi kimi, saxta materialların daha inandırıcı formada hazırlanması imkanlarını da genişləndirir. Belə şəraitdə informasiya ilə manipulyasiya yalnız jurnalistikanın peşə standartları məsələsi olmaqdan çıxaraq ictimai və dövlətlərarası etimad məsələsinə çevrilir”, – deputat qeyd edib.

“İnformasiya etimadı bir institutun deyil, bütöv ekosistemin məsuliyyətidir”

Elçin Mirzəbəyli hesab edir ki, informasiya məsuliyyətinin yalnız jurnalistlərin üzərinə qoyulması doğru yanaşma deyil.

O bildirib ki, dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq gücləndirilməlidir.

“İnformasiya etimadının yaradılması bir institutun deyil, bütövlükdə informasiya ekosisteminin məsuliyyətidir”, – deyə deputat vurğulayıb.

Parlamentarinin fikrincə, etibarlı informasiya anlayışı da artıq yalnız jurnalistin peşəkarlığı ilə ölçülə bilməz. Məlumatın hansı mənbədən əldə olunması, yoxlanılması, redaktə və təqdimetmə prinsipləri, rəqəmsal platformaların alqoritmləri və auditoriyanın media savadlılığı da burada mühüm rol oynayır.

O qeyd edib ki, media savadlılığının artırılması və yeni texnologiyalardan məsuliyyətli istifadənin eyni kontekstdə müzakirə olunması təsadüfi deyil. Etimadın qorunması üçün həm informasiyanı hazırlayanların, həm də onu qəbul edənlərin məsuliyyətinin artırılması vacibdir.

AQEM-in gündəliyində informasiya-kommunikasiya istiqaməti genişlənir

Deputat Azərbaycanın AQEM sədrliyi çərçivəsində həyata keçirilən fəaliyyətlərin informasiya-kommunikasiya baxımından da əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki əməkdaşlığın genişləndirilməsi, ekspert və biznes dairələri, gənclər və beyin mərkəzləri arasında əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın sədrliyinə daha geniş məzmun qazandırır.

Elçin Mirzəbəyli Media Forumunun da bu baxımdan AQEM çərçivəsində yeni əməkdaşlıq istiqamətlərindən birinin formalaşdırılması cəhdi kimi qiymətləndirilə biləcəyini deyib.

Deputatın fikrincə, təhlükəsizlik, iqtisadiyyat və diplomatiya sahələrində əməkdaşlığın effektivliyi müəyyən mənada informasiya mühitinin vəziyyətindən asılıdır. Dövlətlər arasında siyasi dialoq mövcud olsa belə, paralel informasiya qarşıdurmasının davam etməsi qarşılıqlı etimadın möhkəmlənməsini çətinləşdirə bilər.

Bu baxımdan media əməkdaşlığının institusional çərçivəyə daxil edilməsi AQEM-in gündəliyinə yalnız siyasi və diplomatik deyil, həm də informasiya-kommunikasiya ölçüsü qazandırır.


Sizin reklam burada
Sizin reklam burada