Səhər saatlarında bələdiyyəyə basqın – 27 nəfər saxlanıldı + Qardaş ölkədə

Səhər saatlarında bələdiyyəyə basqın – 27 nəfər saxlanıldı + Qardaş ölkədə
11:40

İstanbulun Eyüpsultan Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində əməliyyat keçirilib.

News365.az xəbər verir ki, əməliyyat zamanı Eyüpsultan Bələdiyyə Başçısı Mithat Bülent Özmen də daxil olmaqla, 28 şübhəli saxlanılıb. Saxlanılanlar arasında 23 dövlət məmurunun da olduğu bildirilib.

İstintaq çərçivəsində polis əməkdaşları tərəfindən eyni vaxtda bir neçə ünvanda əməliyyat keçirilib. Bələdiyyə binasında və Bələdiyyə Başçısı Mithat Bülent Özmenin evində axtarış aparılıb.

Saxlanılan şəxslərin polis bölməsindəki prosedurlarının davam etdiyi bildirilib. İstintaqın hansı konkret korrupsiya iddiaları üzrə aparıldığı ilə bağlı ətraflı məlumat açıqlanmayıb.

Mithat Bülent Özmen 31 mart 2024-cü il yerli seçkilərində CHP-dən Eyüpsultan Bələdiyyə Başçısı seçilib. O, seçki vəsiqəsini 5 aprel 2024-cü ildə aldıqdan sonra vəzifəsinin icrasına başlayıb.

1971-ci ildə Ağrıda anadan olan Özmen Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin Siyasi Elmlər və Dövlət İdarəçiliyi Bölümünü bitirib. Daha sonra Brüsseldə beynəlxalq münasibətlər üzrə magistr təhsili alıb və bankçılıq və maliyyə sahəsində doktorluq dərəcəsi əldə edib.

Özmen peşə fəaliyyətinə 1992-ci ildə Türkiyənin Xarici İşlər Nazirliyində başlayıb. Daha sonra Türkiyə İş Bankının Təftiş Şurasında çalışan Özmen bankçılıq, maliyyə və enerji sektorlarında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

O, 2019-cu ildə İGDAŞ-ın baş direktoru və İdarə Heyətinin üzvü olub, həmçinin İstanbul Böyükşəhər Bələdiyyəsində Enerji Qrupunun rəhbəri vəzifəsində çalışıb.

İstintaqla bağlı araşdırma davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada