ABŞ prezidenti Donald Tramp Ukraynaya “Patriot” zenit-raket komplekslərinin (ZRK) verilməsinə razılıq verib.
News365.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak “RBK-Ukrayna”ya müsahibəsində bildirib.
Yermakın sözlərinə görə, Trampın qərarı Ukraynanın hava hücumundan müdafiə sistemlərinə tam dəstək deməkdir.
O, danışıqların bütün təfərrüatlarını açıqlamasa da, “Patriot” kimi müasir sistemlərin “ən effektiv” hesab olunduğunu, lakin bu texnikaya dünya üzrə “böyük tələbat” olduğunu qeyd edib.
“Şərti desək, növbə uzundur, amma biz pəncərəyə mümkün qədər yaxın olmağa çalışırıq. Əsas məsələ ondadır ki, Tramp "yaşıl işıq" yandırdı, bundan sonra məsələ əsasən texniki xarakter daşıyır”, - deyə Yermak vurğulayıb.
Ukrayna rəsmisi əlavə edib ki, hazırda PURL adlı silah təchizatı proqramı çərçivəsində ABŞ-dan silah alınması prosesi fəal şəkildə davam edir. Proqrama artıq 17 ölkə, o cümlədən Brüssel də qoşulub.
Yermak həmçinin qeyd edib ki, bu qərarın qəbuluna ABŞ müdafiə naziri Pit Heqsetin ictimai çıxışları da təsir göstərib. Onun sözlərinə görə, “Tomahawk” raketləri mövzusu da gündəmdən çıxmayıb və “bu istiqamətdə dialoq davam edir”.