Bu gün Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı ikinci dərs zamanı qəfildən pisləşib.
News365.az xəbər verir ki, ilkin ehtimala görə, hadisəyə səbəb məktəbdə istifadə olunan yanacaq sobasındakı sızmadır.
Məktəbin müəllimi Həyat Qasımovanın sözlərinə görə hadisə ikinci dərs saatında olub:
“İkinci saat dərsə başlayanda gəldim ki, uşaqlardan biri dedi: ‘Müəllim, halım pisdir’. Pəncərə və qapıları açdım, qızı havaya çıxardım.”
Məktəblilər dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib.
Həkim Almaz Əsədova bildirib ki, Hər birinə zəruri tibbi xidmət göstərilib:
“Onlara dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib. Hər birinə zəruri tibbi xidmət göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.”
Qazax-Tovuz Regional Təhsil İdarəsi şagirdlərin səhhəti ilə bağlı vəziyyəti nəzarətə götürüb.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Nəcibə Vəliyeva bildirir ki, məktəbin direktoru xəstəxanada şagirdləri ziyarət edib:
“Aprelin 11-də Düz Cırdaxan kənd məktəbində 7-ci sinifdə oxuyan və 2-ci dərsdə halı pisləşən 5 şagirdin səhhəti həm regional təhsil idarəsi, həm də məktəb rəhbərliyinin nəzarətindədir. Tovuz rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Elşən Musayev və məktəbin direktoru xəstəxanada şagirdləri ziyarət edib, səhhətləri ilə maraqlanıblar. Bildiririk ki, məktəblilər müayinə olunub, onlara tibbi yardım göstərilib və evə buraxılıblar. Təhsil müəssisəsində dərslər davam edir.”
Hazırda aidiyyəti qurumlar hadisənin başvermə səbəblərini araşdırır.