Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri artıq 22-ci dəfə təşkil olundu. Səfər zamanı diplomatların burada aparılan bərpa-quruculuq işləri ilə tanış olmasına, tarixi və dini abidələri ziyarət etməsinə
Ermənistanın aqressiv reaksiyası heç bir məntiqə sığmır. Bu, birbaşa Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Açıq görünür ki, Ermənistanda revanşist düşüncə hələ də qalmaqdadır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistanın bəzi dairələri xarici diplomatların Azərbaycanın ərazisinə səfərini az qala siyasi cinayət kimi təqdim etməyə çalışır və şou düzəldirlər. Halbuki xarici diplomatların Azərbaycanın suveren ərazisində hərəkətinə nəinki Ermənistan, heç bir ölkə və ya təşkilat müdaxilə edə bilməz.
Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatları zamanı Azərbaycan öz ərazisində suverenliyini tam təmin edib. Bu reallıq bütün dünya tərəfindən də qəbul olunur.
Maraqlıdır ki, 30 il işğal siyasəti həyata keçirən və buna görə heç bir beynəlxalq təzyiq və sanksiya görməyən Ermənistan indi Fransa, ABŞ və Avropa İttifaqının nümayəndələrinin obyektiv mövqeyini həzm edə bilmir. Əslində Qərb diplomatları məhz indi-azad olunmuş ərazilərə səfər etməklə, həqiqəti öz adı ilə çağırmaqla ədalət prinsipinə
riayət etmiş olurlar. Bu ölkələr Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırlar. Bu isə o deməkdir ki, diplomatların Qarabağa səfəri Ermənistanın siyasi dairələrinin istəklərindən asılı deyil.
Əslində, bu reaksiyalar Ermənistanın öz daxilində də ciddi sual doğurmalıdır. Əgər rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edirsə və sülh gündəliyindən danışırsa, onda həmin ölkənin media və siyasi dairələrində niyə bunun tam əksi olan ritorika səslənir?
Ermənistanın bu səfər fonunda tarixi və mədəni irslə bağlı iddiası isə sadəcə riyakarlığın növbəti təzahürüdür.
Ermənistan hələ də Gəncəsər və Xudavəngi özlərinin müstəsna irsi kimi təqdim etməyə çalışır, eyni zamanda indiki Ermənistan ərazisində azərbaycanlıların çoxəsrlik yaşayışını və onların yaratdığı zəngin tarixi-mədəni irsi inkar edirlər. Bu yanaşma erməni saxtakarlığının ən radikal formada davam etdiyini göstərir.
Yeri gəlmişkən, tarixi irslə bağlı iddialar Ermənistanın indiki ərazisindəki Azərbaycan irsinin taleyinə də diqqət yetirilməsini zəruri edir. Azərbaycan xalqı əsrlər boyu indiki Ermənistan ərazisində yaşayıb, burada özünəməxsus milli mədəni irs nümunələri yaradıb. Bu irsin əhəmiyyətli hissəsi müxtəlif dövrlərdə dağıdılıb, dəyişdirilib və ya izləri silinib. Burada söhbət bütövlükdə bir xalqın tarixi-mədəni izlərinin yaddaşdan silinməsi təhlükəsindən gedir.
Bu həm də beynəlxalq hüququn prinsiplərinin pozulması deməkdir. 1954-cü il Haaqa Konvensiyası bu baxımdan mühüm beynəlxalq hüquqi çərçivə yaradır.
Azərbaycan dövləti öz ərazisindəki müxtəlif dini və mədəni irs nümunələrinin qorunmasına məsuliyyətlə yanaşır. Bu, Azərbaycanın multikultural və tolerant dövlət kimi dəyişməyən siyasətidir.
Bir sözlə, diplomatların səfərinə reaksiyalar Ermənistanın revanşist dairələrinin hələ də zərərsizləşdirilmədiyini təsdiqləyir. Üstəlik, “Artsax”ın tör-töküntüləri diplomatik nümayəndələrə “müraciət” də ünvanlayıb. Bununla yanaşı Ermənistanın informasiya məkanında yayılan bir sıra materialların hakimiyyətə yaxın resurslarda da tirajlanması, həmçinin parlamentin spikerinin yanaşması elə Ermənistan iqtidarının da eyni təxribatçı mövqeyi bölüşdüyünü təsdiqləyir.
Bir tərəfdən sülh və normallaşmadan danışılır, digər tərəfdən isə Azərbaycanla sülhün əsas şərtlərinə zidd olan revanşist narrativlər dövriyyəyə buraxılır.
Ermənistan cəmiyyəti anlamalıdır ki, müharibə bitdikdən sonra davamlı sülh qurmaq üçün reallıqları qəbul etməkdən başqa yol yoxdur. Ona görə də İrəvan sülhlə bağlı mövqeyinə korrektələr etməlidir.
Əgər Ermənistan həqiqətən sülhə hazırdırsa, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər edən diplomatları hədəfə almaq əvəzinə onların bölgədə gördükləri reallıqla tanış olmasına hörmətlə yanaşmalıdır.
Nigar Məmmədova