Azər Rəşidoğlundan səhhəti ilə bağlı müraciət: “Xəstəliyi həyatımın mərkəzinə çevirmirəm”

Azər Rəşidoğlundan səhhəti ilə bağlı müraciət: “Xəstəliyi həyatımın mərkəzinə çevirmirəm”
14:34

Jurnalist Azər Rəşidoğlu səhhəti ilə bağlı sosial şəbəkədə paylaşım edib.

O, Türkiyəyə ilk səfəri zamanı psixoloqla söhbət etdiyini və həmin görüşdə aldığı bir məsləhətin həyatına yanaşmasını dəyişdirdiyini bildirib.

“Türkiyəyə ilk getdiyim vaxt psixoloqla söhbətim oldu. Mənə çox sadə, amma təsirli bir məsləhət verdi: “Xəstəliyin haqqında danışma, onu düşünmə. Sadəcə həkimlərinin dediklərinə əməl et və xəstəliyi həyatının mərkəzinə çevirmə”. O gündən çalışıram belə edim”, – deyə jurnalist qeyd edib.

Azər Rəşidoğlu bildirib ki, gündəlik həyatına, sevdiyi insanlara və gözəlliklərə köklənməyə, xəstəliyi isə mümkün qədər arxa plana keçirməyə çalışır.

Jurnalist yaxınlarının və dostlarının onun səhhəti ilə bağlı narahatlığını başa düşdüyünü vurğulayıb və göstərdikləri diqqətə görə təşəkkür edib.

“Dostlarımın, yaxınlarımın narahatlığını başa düşürəm. Hər birinizə diqqətinizə, xoş sözünüzə və dualarınıza görə minnətdaram. Allah hamınızdan razı olsun”, – deyə o bildirib.

Azər Rəşidoğlu eyni zamanda yaxınlarından bir xahiş edib. O, gündəlik paylaşımlarının, hətta adi təbiət şəkillərinin altında belə səhhəti ilə bağlı xoş arzuların yazılmasının bəzən xəstəliyi yenidən xatırlatdığını qeyd edib.

“Adi bir təbiət şəkli paylaşanda belə “Allah şəfa versin” yazmağa ehtiyac yoxdur. Bəzən insanın xəstəliyini ona hər dəfə xatırlatmaq, istəmədən də olsa, onu yenidən həmin düşüncəyə qaytarmaq anlamına gəlir”, – jurnalist vurğulayıb.

O, sonda duaların insanın qəlbində və səssiz şəkildə edilməsinin daha gözəl olduğunu bildirib:

“Dua isə məncə, ən gözəl halında səssiz və gizli olandır. Ürəkdən edilən duanın sözə, nümayişə ehtiyacı yoxdur. Allah onsuz da kimin nə üçün dua etdiyini bilir. Hər şey gözəldir və Allahın iznilə daha da gözəl olacaq!”


Sizin reklam burada
Sizin reklam burada