Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
News365.az -ın məlumatına görə, cinayət işində Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyev şahid qismində yer alırlar.
Təhsil eksperti, deputat Etibar Əliyev məsələ ilə bağlı sosial şəbəkədə daha əvvəl etdiyi paylaşımı yenidən gündəmə gətirib.
Əliyev bildirib ki, 19 avqust 2022-ci ildə etdiyi paylaşımında Timur Mehdiyevin rəhbərlik etdiyi “Şərq-Qərb” ASC-nin dövlət satınalmalarında iştirakını və şirkətin əldə etdiyi tenderləri gündəmə gətirib.
O, həmin paylaşımında Elm və Təhsil Nazirliyinin 2022–2023-cü tədris ili üçün təhsil müəssisələrində kargüzarlığın aparılmasına dair məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması üzrə tenderin “Şərq-Qərb” ASC tərəfindən qazanıldığını yazıb.
Etibar Əliyevin paylaşımında qeyd olunur ki, həmin satınalma üzrə müqavilənin məbləği 36 milyon 108,1 min manat təşkil edib.
Təhsil eksperti eyni zamanda Hesablama Palatasının 2020-ci il üzrə hesabatına istinad edərək “Şərq-Qərb” ASC-nin çap məhsulları üzrə 10,4 milyon manat məbləğində debitor borcunun olduğunu xatırladıb.
Hesabatda uzun müddət ötməsinə baxmayaraq həmin borcun bağlanılmaması və müqavilə öhdəliklərinin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalının nəzərə alınaraq materialların Baş Prokurorluğa təqdim edildiyi bildirilirdi.
Əliyev yazıb ki, 2022-ci ildə məsələ ilə bağlı mətbuatda çoxsaylı yazılar dərc olunsa da, sonradan “Şərq-Qərb” ASC yenidən dövlət satınalmalarında qalib olub.
O, paylaşımının sonunda isə Elm və Təhsil Nazirliyinin məktəb sənədləri blanklarının istehsalı ilə bağlı keçirdiyi satınalmada da həmin şirkətin qalib elan edildiyini vurğulayıb.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində olan cinayət işi üzrə məhkəmə araşdırmasının nəticələri və işdə adı çəkilən şəxslərin hüquqi statusu məhkəmənin qərarından sonra dəqiqləşəcək.