Rusiyanın briqada komandiri müəmmalı şəkildə öldü

Rusiyanın briqada komandiri müəmmalı şəkildə öldü
16:40

Rusiyanın 4-cü motoatıcı briqadasının komandiri, general-mayor Anton Grunis ölkə ərazisində naməlum şəraitdə ölüb.

Bu barədə “Suvorovskoye Bratstvo” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, Anton Grunis Kazan Suvorov Hərbi Məktəbinin məzunu olub.

Onun komandanlığı altında olan Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Baxmut və Konstantinovka istiqamətlərində döyüş əməliyyatlarında iştirak edib.

4-cü motoatıcı briqada 2014-cü ildə qondarma “Luqansk Xalq Respublikası”nın silahlı birləşmələri, o cümlədən “Prizrak” döyüş bölməsi əsasında yaradılıb.

Həmin silahlı birləşmələr Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil edildikdən sonra briqada 2-ci Ordu Korpusunun tabeliyinə verilib. Daha sonra isə Rusiya Cənub Hərbi Dairəsinin yeni yaradılan 3-cü Mühafizə Ümumqoşun Ordusunun tərkibinə daxil edilib.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra 4-cü briqadanın bölmələri Luqansk vilayətində, o cümlədən Toşkovka və Qorskoye ətrafında döyüşlərdə iştirak edib.

Daha sonra briqadanın bölmələri Donetsk istiqamətinə yerləşdirilib. Burada onlar Baxmut, Çasov Yar və Konstantinovkaya yaxın ərazilərdə uzunmüddətli hücum əməliyyatlarında iştirak ediblər.

General Anton Grunisin ölümünün səbəbləri və hansı şəraitdə baş verdiyi barədə hələlik rəsmi açıqlama verilməyib.


Sizin reklam burada
Sizin reklam burada