Politoloq Qədir Aslan peşəkar jurnalistika ilə bloqçuluq arasındakı fərqin getdikcə arxa plana keçdiyini bildirib.
O, sosial şəbəkədə paylaşımında müasir informasiya mühitində “layk” və izlənmə sayının peşəkarlığın əsas göstəricisinə çevrilməsini tənqid edib.
“Sadəcə onu demək yetərlidir ki, dövləti idarə etmək üçün layk deyil, oturuşmuş ictimai-siyasi şüur gərəkdir”, – deyə politoloq qeyd edib.
Qədir Aslanın sözlərinə görə, aparıcı dövlətlərdə sosial medianın yaratdığı kütləvilik və “broadcast yourself” yanaşması media sahəsində də müəyyən çaşqınlıqlara səbəb olub.
Politoloq hesab edir ki, hər sahədə daha asan və ucuz variantlara üstünlük verilməsi peşəkarlığın və sistemli yanaşmanın zəifləməsinə gətirib çıxara bilər.
O, süni intellektdən istifadə məsələsinə də toxunub. Qədir Aslan peşəkar kino sənayesinin inkişaf etdirilməsi və tarixi mövzuların bu sahənin imkanlarından istifadə edilməklə ekranlaşdırılmasının daha məqsədəuyğun olduğunu düşünür.
“Peşəkar film industriyasını yaradıb onlara “Uzun Həsən” haqqında film sifariş vermək əvəzinə, asanlıqla süni intellektə müraciət edib daha az xərclə belə bir mühüm tarixi, dövlətçilik və ictimai məzmun daşıyan məsələnin qarşısına “qaloçka” qoymaq əfzəl sayılır”, – deyə o bildirib.
Politoloq sosial media platformalarının dövlətlərin informasiya siyasətinə və ictimai rəyə təsir imkanlarının artmasından da narahatlığını ifadə edib.
Onun fikrincə, təbliğat sahəsində də sosial media alətlərindən həddindən artıq asılılıq formalaşıb və bu, uzunmüddətli perspektivdə müəyyən risklər yarada bilər.
Qədir Aslan bloqçuların fəaliyyətinin sosial media platformalarından asılı vəziyyətə düşməsini də tənqid edib. O qeyd edib ki, istənilən bloqerin fəaliyyəti platformaların qərarlarından asılı olaraq məhdudlaşdırıla və ya tamamilə dayandırıla bilər.
Politoloq sonda müxtəlif sahələrin peşəkar və dayanıqlı industriyalara çevrilməsinin vacibliyini vurğulayıb.
“Hər sahənin industriyaya çevrilməli olduğunu hələ ki bizdə qəbul etməkdə çətinlik var”, – deyə Qədir Aslan bildirib və fikirlərinin davamının olacağını qeyd edib.