Malayziya İsrailə göndərilən daha üç konteyneri saxlayıb.
News365.az-ın məlumatına görə, konteynerlər avqustun 19-da ölkənin ən böyük limanlarından biri olan Tanjung Pelepas limanında saxlanılıb. Hazırda onların içərisindəki yüklərlə bağlı araşdırma aparılır.
Saxlanılan konteynerlərdə Çinin “Chongqing Mobimax Technology Co.” şirkətinin istehsal etdiyi elektrik velosipedləri üçün ehtiyat hissələrinin olduğu bildirilir. Yüklərin İsrailin Təl-Əviv yaxınlığındakı Aşdod limanına göndərilməsi nəzərdə tutulub.
Bu hadisə Malayziya hakimiyyətinin İsrailə istiqamətlənən yük daşımalarına nəzarəti gücləndirdiyi bir vaxtda baş verib.
Bundan əvvəl, avqustun 7-də Tanjung Pelepas limanında İsrailə göndərildiyi ehtimal olunan başqa bir konteyner də saxlanılıb. Malayziya Sərhəd Nəzarəti və Mühafizə Agentliyi həmin yükün İsrailə birbaşa və ya dolayı yolla mal ixracını qadağan edən gömrük qaydalarını poza biləcəyindən şübhələnildiyini açıqlamışdı.
Hakimiyyət orqanları həmçinin yükün Malayziyanın Strateji Ticarət Aktı çərçivəsində nəzarət edilən strateji məhsullara aid olub-olmadığını araşdıracaqlarını bildiriblər.
“Bloomberg” daha əvvəl saxlanılan konteynerin Filippindən göndərildiyini və İsrailin müdafiə texnologiyaları şirkəti “Elbit Systems”ə ünvanlandığını yazmışdı. Bununla əlaqədar yükün silah-sursat ehtiva edə biləcəyinə dair şübhələr yaranmışdı.
Malayziyanın Baş naziri Ənvər İbrahim əvvəlki konteynerin saxlanılmasını dəstəkləyərək ölkəsinin İsraili dəstəkləyə biləcək ticarət üçün tranzit marşruta çevrilməsinə imkan verməyəcəyini bildirib.
Qeyd edək ki, Malayziya 2023-cü ilin dekabrından İsrail bayrağı altında üzən və İsrailə yük daşıyan gəmilərin ölkənin limanlarından istifadəsini qadağan edib.