Azərbaycanda yeni tədris ilinin başlamasına sayılı günlər qalmış məktəblərdə valideynlərdən müxtəlif adlarla pul yığılması ilə bağlı şikayətlər səsləndirilir.
Son bir həftə ərzində redaksiyaya müraciət edən bir sıra valideynlər məktəblərdə keçirilən valideyn iclasları zamanı onlardan müəyyən məbləğdə pul tələb edildiyini bildiriblər.
Xırdalan şəhərindən redaksiyaya müraciət edən valideynlərdən biri isə iki övladının eyni məktəbdə təhsil aldığını qeyd edib. Onun sözlərinə görə, uşaqlarının oxuduğu iki ayrı sinifdə fərqli məbləğlərdə pul yığılıb.
Valideyn bildirib ki, bir sinifdə 30 manat, digər sinifdə isə 15 manat pul toplanıb. Bundan əlavə, valideynlərə hər ay “fond pulu” adı ilə hər uşağa görə 10 manat ödəməli olduqları bildirilib.
Şikayətçi qeyd edib ki, bu ödənişlərin hansı məqsədlə toplandığı və toplanan vəsaitin hara xərclənəcəyi ilə bağlı valideynlərə ətraflı məlumat verilməyib.
Məsələ ilə bağlı digər valideynlərin də oxşar şikayətlərlə redaksiyaya müraciət etdiyi bildirilir.
Qeyd edək ki, dövlət ümumtəhsil məktəblərində valideynlərdən məcburi şəkildə pul yığılması məsələsi vaxtaşırı müzakirə mövzusuna çevrilir.