Bir neçə gün əvvəl Tovuz rayonunda itkin düşən 13 yaşlı qız tapılaraq ailəsinə təhvil verilsə də, daha sonra müvafiq qurumların qərarı ilə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.
Məqsəd onun psixoloji dəstək alması və reabilitasiya prosesinin təşkili ilə bağlıdır.
Qeyd edək ki, Tovuz rayonunun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü Aysun Süleymanova aprelin 2-si, saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxmış və evə geri qayıtmamışdı. Ertəsi gün – aprelin 3-də yeniyetmənin yeri Gəncə şəhərində müəyyən edilərək, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılıb və ailəsinə təhvil verilib.
Hazırda Aysun Süleymanova Azərbaycan Uşaqlar Birliyinin sığınacağında mütəxəssislərin nəzarəti altındadır. Sığınacaqdan verilən məlumata görə, onun vəziyyəti stabildir və reabilitasiya prosesi uğurla davam edir:
“Hazırda qızın vəziyyəti yaxşıdır. Gələn həftədən burada təhsilinə davam edəcək.”