Azərbaycanda 2025-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 74,9 il, qız uşaqları üçün isə 79,3 il təşkil edib.
News365.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə sözügedən göstərici oğlan uşaqları üzrə 74,5 il, qız uşaqları üzrə 79,2 il olub. Beləliklə, bir il ərzində gözlənilən ömür uzunluğu oğlanlarda 0,4 il, qızlarda isə 0,1 il artıb.
Belə ki, 2025-ci ildə bir yaşlı oğlanların gözlənilən ömür uzunluğu 75 il, bir yaşlı qızlarınkı 79,3 il göstərilib. 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 74,6 və 79,2 il təşkil edib.
Ötən il 15 yaşlı oğlanların qarşıdakı gözlənilən ömür uzunluğu 61,4 il, 15 yaşlı qızlarınkı isə 65,7 il olub. 2024-cü illə müqayisədə göstərici oğlanlarda 0,3 il, qızlarda 0,1 il yüksəlib.
Cədvəldəki məlumatlara əsasən, 2025-ci ildə bütün yaş kateqoriyalarında qızlar üzrə gözlənilən ömür uzunluğu oğlanlarla müqayisədə daha yüksək olub. Doğulan uşaqlar üzrə fərq 4,4 il, bir yaşlı uşaqlar üzrə 4,3 il, 15 yaşlı uşaqlar üzrə isə 4,3 il təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2000-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 68,6 il, qız uşaqları üçün 75,1 il idi. Həmin il bir yaşlı oğlanlarda göstərici 68,5 il, qızlarda 73,9 il, 15 yaşlı oğlanlarda 55,8 il, qızlarda isə 61,1 il təşkil edib.