Şuşadan dünyaya yeni mesaj: Azərbaycan regionun gələcəyini necə formalaşdırır?

Şuşadan dünyaya yeni mesaj: Azərbaycan regionun gələcəyini necə formalaşdırır?
11:53

IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun və geosiyasi mövqeyinin daha da gücləndiyini nümayiş etdirdi.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa News365.az-a açıqlamasında deyib.


Deputat bildirib ki, dünyada Yalta, Davos və Münhen kimi şəhərlər təkcə coğrafi məkan deyil, həm də mühüm siyasi qərarların və düşüncə mərkəzlərinin simvolu kimi tanınır. Onun sözlərinə görə, son illər Şuşa da bu sıraya qoşulmaqdadır.

"Şuşa artıq yalnız Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı və Zəfərin rəmzi deyil. Bu şəhər beynəlxalq siyasi dialoqun, media diplomatiyasının və etibarlı fikir mübadiləsinin yeni platformasına çevrilib. IV Şuşa Qlobal Media Forumunun uğurla keçirilməsi də bunun bariz göstəricisidir", – deyə deputat qeyd edib.

F.Mustafa vurğulayıb ki, Forumun əhəmiyyəti yalnız müxtəlif ölkələrdən jurnalistləri bir araya gətirməsi ilə məhdudlaşmır. Onun fikrincə, burada yeni dövrün siyasi kommunikasiya modeli formalaşır və informasiya artıq təhlükəsizlik, diplomatiya, iqtisadiyyat və dövlətlərin gələcəyinə təsir edən strateji resursa çevrilib.

Deputat Prezident İlham Əliyevin Forum zamanı səsləndirdiyi fikirlərin Azərbaycanın regionun gələcəyinə təsir göstərən məsuliyyətli dövlət kimi çıxış etdiyini bir daha nümayiş etdirdiyini bildirib.

"Bu yanaşma enerji təhlükəsizliyindən nəqliyyat dəhlizlərinə, yaşıl enerjidən süni intellektə, beynəlxalq hüquqdan qlobal təhlükəsizlik məsələlərinə qədər bütün istiqamətlərdə özünü göstərir. Azərbaycan artıq təkcə regionun iştirakçısı deyil, onun gələcəyini formalaşdıran əsas aktorlardan biridir", – deyə o bildirib.

F.Mustafanın sözlərinə görə, müasir dövrdə dövlətlərin əsas üstünlüyü yalnız hərbi və iqtisadi güclə deyil, etibarlılıqla ölçülür.

"Azərbaycan bu gün həm Şərqlə Qərb, həm də Şimalla Cənub arasında etibarlı körpü rolunu oynayır. Bu, təkcə coğrafi mövqedən deyil, ölkəmizin qazandığı siyasi etimaddan irəli gəlir. Məhz buna görə beynəlxalq tərəfdaşlar Azərbaycanı dialoq məkanı kimi qəbul edirlər", – deputat əlavə edib.

Deputat media anlayışının da dəyişdiyini vurğulayaraq qeyd edib ki, XXI əsrdə media artıq hadisələri yalnız işıqlandırmır, həm də onların iştirakçısına çevrilib. Onun sözlərinə görə, dezinformasiya ilə həqiqət arasında mübarizə bəzən hərbi qarşıdurmalardan daha ciddi nəticələr doğurur və bu baxımdan Şuşa Qlobal Media Forumu Azərbaycanın həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması üçün mühüm platformadır.

F.Mustafa bildirib ki, Forum iştirakçıları işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini, dağıdılmış şəhərləri, yenidən qurulan yaşayış məntəqələrini və "Böyük Qayıdış" prosesini yerində görmək imkanı əldə edirlər.

Deputatın fikrincə, Azərbaycanın xarici siyasəti getdikcə daha çox məsuliyyət və beynəlxalq hüquqa hörmət prinsipləri üzərində qurulur.

"IV Şuşa Qlobal Media Forumunun ən mühüm nəticəsi ondan ibarətdir ki, Şuşa artıq təkcə Zəfərin deyil, həm də yeni siyasi düşüncənin ünvanına çevrilib. Vaxtilə Şuşanı azad etməklə tarix yazdıq, bu gün isə Şuşadan dünyaya baxaraq gələcəyin siyasi gündəmini formalaşdırırıq. Bu, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın göstəricisidir", – deyə Fazil Mustafa vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada