Siyavuş Novruzov: “300-500 min evdən bələdiyyələr vergi yığa bilmir”

Siyavuş Novruzov: “300-500 min evdən bələdiyyələr vergi yığa bilmir”
15:17

“Qeydiyyatsız və qanunsuz evlər bələdiyyələrin vergi yığmasında problem yaradır. Bu isə bələdiyyələrin vəsaitlərinin çoxalmasına mane olur. Yekunda isə bələdiyyə əhalinin problemlərini həll edə bilmir”.

News365.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu gün evlər qeydiyyatda deyil və onlar bələdiyyəyə ildə bir dəfə əmlak vergisi verməlidir, bu vergini vermirlər:

“Nəticə etibarilə 300 min, 500 min evdən bu gün bələdiyyələr vergi yığa bilmir. Ona görə hesab edirik ki, Vergi Məcəlləsində və digər məcəllələrdə bu nəzərdə tutulmalıdır”.

O əlavə edib ki, burada ikinci əsas məsələ fiziki və hüquqi şəxsdən eyni vergi tutulmasıdır:

“Habuki başqa sahələrdə - suda, qazda, işıqda fiziki şəxslərə nisbətən hüquqi şəxslərdən 3 dəfə daha çox vergi alınır. Amma bələdiyyələrdə ikisinə də eyni nəzərdə tutulubdur. Bu da bələdiyyələrin maddi fondunun yaxşılaşdırılmasına imkan vermir.

Üçüncüsü, bələdiyyələrin xəritələri hələ də 27 il keçməsinə baxmayaraq verilmir. Bilirsiniz ki, cənab Prezident tərəfindən böyük bir müşavirə keçirildi. Qeyri-neft sektorundan başqa dağ-mədən, sənaye sahələrinin istismarı nəzərdə tutulubdur. Xəritələr verildikdən sonra bu məsələlər dəqiqləşdirilməlidir. Biz Nazirlər Kabineti qarşısında dəfələrlə məsələ qaldırmışıq, hələ indiyə qədər 27 ildir tam şəkildə bələdiyyələrin mülkiyyətinin xəritəsi bələdiyyələrə təqdim olunmayıb. Bu məsələyə də diqqət yetirilməlidir”.


Sizin reklam burada
Sizin reklam burada