Sözün bütün
mənalarında Sabirabad rayonunun on iki kəndinin yolu yoxdur. Kürün sol qolunda
yerləşən bu kəndləri birləşdirən “Kürqırağı” magistral yolu sonuncu dəfə Ulu
Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu
dövrdə – 1976-cı ildə çəkilib, 1982-ci ildə isə qismən təmir olunub. O vaxtdan
bəri həmin yol barədə heç bir tədbir görülməyib və hazırda vəziyyət o qədər
acınacaqlıdır ki, bəzən o kəndlərdən birinə getmək üçün nə maşın, nə də sürücü
tapılır. Hər birinin cavabı belə olur: “Yol yoxdu, gedə bilmərəm”. Azərbaycanda
əhalinin, bəlkə də, ən sıx məskunlaşdığı bu kəndlərdə belə bir mənzərənin
yaranması məyusedicidir.
Yol həyatdı,
Qaratoğay, Güdəcühür, Axtaçı-Muğan, Həşimxanlı, Ətcələr, Bulduq, Ulacalı, Mürsəlli
digər tərəfdən bərə vasitəsilə Ulacalı kəndinə birləşən Quruzma, Qaraqaşlı,
Yeni kənd, Qəzli kəndlərində həyat dayanıb. Təcili-tibbi yardım maşını xəstənin
sağlığında özünü yetirə bilmir. Qınamaq mümkün deyil. Yolların sıradan çıxdığı
bu vəziyyətdə o sürücünün vaxtında yetişməsi mümkünsüzdür... Yanğınsöndürən
maşın ünvana yetişdikdə alov çoxdan öz işini görmüş olur. Rayon mərkəzinə,
bazara, dərsə, qonaq evinə, xeyir-şərə tələsən əhali yola çıxmaq istəmir, yol
yoxdu... Məhsulu satmağa aparan kəndli babanın sovetdənqalma maşınının hərəkət
etməyə gücü çatmır.
Məktəbə,
hazırlığa yollanan şagirdlər mənzilbaşına çətinliklə çatırlar. “Sabirabad
rayonunun filan kəndində çətənə kolları aşkarlanıb” başlıqlı xəbərləri minimuma
endirmək üçün bura yol çəkmək, sonra məktəblərə tez-tez baş çəkmək, bu kəndlərin
təhsil səviyyəsi ilə maraqlanmaq və göstəricilərin niyə bu qədər aşağı
olduğunun səbəblərini araşdırmaq lazımdı. Yol çəkiləndən sonra hər şey öz
yoluna düşə bilər...
Bu on iki kənd
44 günlük Vətən müharibəsində yeddi şəhid verdi. O yeddi şəhid hər şeydən əvvəl
kəndləri, yolları uğrunda döyüşə yollanmışdılar. Onların vətəni bu kələ-kötür
yollardan başlayırdı. Bu yollara qurban gedən oğlanların dəfninə, yas mərasiminə
ölkənin dörd yanından insanlar axışan vaxt hər kəsin pıçıltısında yolların bərbad
vəziyyəti dolaşırdı. O yeddi şəhidin birinin ildönümündə kənd ağsaqqallarından
biri dedi ki, indiyə qədər dözmüşük, bir az da dözərik, Qarabağda yol çəkilir,
yəqin bizim də yolumuzu çəkərlər. Camaatın budəfəki səbrinin səbəbi Zəfər yolu
oldu.
Bu dözümlü
camaat yeddi oğulun müharibədən sağ-salamat qayıtmağına yeddi qurban demişdi. O
qurbanlar kəsilmədi. Amma düşmən tapdağına qovuşan yollarımız tənədən, eyhamdan
azad olundu.
İndi güman
bir Sərəncama qalıb.
Biz də
özümüzə bir yol seçmək istəyirik. Düz yol... Bu on iki kəndin yolu uğrunda şəhid
yox, şahidlər yetişəcəklər, qansız-müharibəsiz, bütöv Azərbaycana şahidlər.
Onların yolu da əvvəlki nəsillərə xatir düz olmalıdır, sözün hər iki mənasında,
dümdüz…
Azər Qismət, yazıçı publisist