“Quru sərhədləri bağlı olan ölkədə turizm inkişaf edə bilməz” - Natiq Cəfərli yazır...

“Quru sərhədləri bağlı olan ölkədə turizm inkişaf edə bilməz” - Natiq Cəfərli yazır...
10:40

Azərbaycanda “Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsi müsbət addımdır, sənəddə doğru təsbitlər və düzgün istiqamətlər yer alıb. Lakin quru sərhədləri altı ildir qapalı qalan bir ölkədə turizmin real inkişafından söz gedə bilməz.

Bu fikirləri iqtisadçı Natiq Cəfərli xüsusi olaraq News365.az-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, qəbul edilən strategiyanın ilk və əsas maddəsi məhz quru sərhədlərin açılması olmalıdır:

  • Regional turizm şəbəkəsi: Gürcüstan düzgün siyasət və innovativ “turizm məhsulları” sayəsində regionun turizm mərkəzinə çevrilib. Avropa, ABŞ, Yaponiya və Çindən gələn böyük büdcəli turistlər Cənubi Qafqaza vahid marşrut kimi baxır və bir səfər çərçivəsində bütün bölgəni gəzməyə üstünlük verirlər.

  • Quru sərhədlərinin yaratdığı əngəl: Məsələn, Gürcüstana gələn xarici turist qrupu avtobusla Ermənistana keçə bilsə də, oradan Azərbaycana quru yolu ilə daxil ola bilmir. Bu məhdudiyyət xüsusilə Qax–Şəki–Qəbələ və Gəncə–Qazax zonalarının turizm potensialına ciddi zərbə vurur.

  • Rəqəmlərlə mövcud mənzərə: Ermənistan bu imkanı dəyərləndirərək Gürcüstanla birgə turizm layihələrinə başlayıb və son bir ildə oraya gələn turistlərin sayı 19% artıb. Azərbaycanda isə analogi dövrdə turist axını 14% azalıb.

Natiq Cəfərli vurğulayıb ki, bu statistik göstəricilər quru sərhədlərinin qapalı qalmasının turizm sektoruna birbaşa mənfi təsirini sübut edən real faktlardır.


Sizin reklam burada
Sizin reklam burada