Estoniya Rusiyaya yaxın ərazilərdə hərbi gücünü artırır

Estoniya Rusiyaya yaxın ərazilərdə hərbi gücünü artırır
16:40

Estoniya Rusiyadan gələn mümkün təhlükələrə qarşı müdafiə strategiyasını dəyişərək hərbi bölmələrini Rusiya sərhədinə daha yaxın ərazilərə yerləşdirir.

ERR-in “Financial Times”a istinadən yaydığı məlumata görə, Estoniya yeni “aktiv müdafiə” strategiyası çərçivəsində həm qoşunlarını sərhədə yaxınlaşdırır, həm də uzaqmənzilli zərbə imkanlarını genişləndirir.

Estoniya Müdafiə Qüvvələrinin Birinci Briqadasının Tapa şəhərindən Rusiyanın sərhədindən təxminən 50 kilometr məsafədə yerləşən Yıhvi şəhərinə daimi köçürülməsi nəzərdə tutulur.

Briqadanın yerləşdirilməsi üçün Yıhviyə yeni hərbi obyektlər inşa edilir.

Bundan başqa, Estoniya Rusiya sərhədinin yaxınlığında yerləşən Narva şəhərində də hərbi baza tikir. Bazanın böhran vəziyyətində 1 000-ə qədər hərbi qulluqçunu yerləşdirmək imkanına malik olacağı bildirilir.

Estoniya hərbi və kəşfiyyat rəsmiləri “Financial Times”a bildiriblər ki, Rusiyanın yaxın iki il ərzində NATO-ya qarşı genişmiqyaslı müharibəyə başlayacağını gözləmirlər. Bununla belə, Tallinn gələcəkdə mümkün münaqişəyə hazırlaşır və Rusiyanın Estoniyaya qarşı məhdudmiqyaslı hərbi əməliyyat keçirməsi ehtimalından narahatdır.

Məlumata görə, Estoniya ABŞ istehsalı olan doqquz HIMARS yaylım atəş sisteminin alınması ilə bağlı müqavilələr imzalayıb. Bu sistemlər üçün 300 kilometrədək mənzilə malik raketlərin də alınması nəzərdə tutulur.

Bundan əlavə, Estoniya Cənubi Koreyanın istehsalı olan və oxşar mənzilə malik doqquz Chunmoo sistemi də əldə edir.

Ölkənin müdafiə xərclərinin bu il 42 faiz artaraq 2,4 milyard avroya çatacağı gözlənilir. Bu məbləğ Estoniyanın ümumi daxili məhsulunun 5,4 faizinə bərabərdir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada