"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının son turunda səfərdə "Sumqayıt" üzərində qazanılan qələbədən sonra mətbuat konfransı keçirib.
News365.az xəbər verir ki, təcrübəli mütəxəssis transfer planlarından danışıb.
Qurbanov həm avrokuboklarda, həm də daxili çempionatda gərgin mübarizənin komandanı psixoloji və fiziki olaraq yorduğunu, lakin böyük təcrübə qazandıqlarını qeyd edib. O, komandaya qarşı bəzi tənqidi fikirlərə də toxunaraq, futbolçularının böyük fədakarlıq göstərdiyini və Azərbaycan futbolunu layiqincə təmsil etdiklərini bildirib: "Kasıb, döyüşkən uşaqlar bunu bacardı. 7-8 ay böyük futbolu ölkədə hiss etdirdik".
Transfer məsələlərinə toxunan baş məşqçi, işlərin davam etdiyini və həm gələnlər, həm də gedənlər barədə açıqlamaların veriləcəyini deyib:
Zakaria Savo: "Çox müsbət danışıqlar gedir. Alınmaq ehtimalı çoxdur".
Elvin Cəfərquliyev: "Elvinlə bağlı transferə açığıq. Bizlə müqaviləsi var. Transfer alınmasa, növbəti qərarı sonra verəcəyik".
Ramil Şeydayev: "Sabah qərar verəcəyik".
Qurbanov adı ilə hallanan "Beşiktaş" klubu ilə bağlı suala isə qısa cavab verib: "Qarabağ"la müqaviləm var".
Hakimlik məsələsinə gəlincə, baş məşqçi hakimlərin də ağır mövsüm keçirdiyini və təcrübə topladıqlarını qeyd edərək, onlara növbəti mövsümdə uğurlar arzulayıb.
Sonda Avropa Liqasında final görmək ehtimalı barədə sualı cavablandıran Qurban Qurbanov bunun yaxşı bir arzu olduğunu və komandanı formalaşdırmaq üçün zamana ehtiyac duyulduğunu bildirib: "Daha istəkli yanaşacağıq. Çalışacağıq ki, maksimum irəli gedək". O, həmçinin "Sumqayıt"la oyunda debüt edən gənc futbolçulardan bəzilərini əsas komandaya cəlb etməyi planlaşdırdığını da əlavə edib.