Bakıda ödənişsiz avtobusların fəaliyyətə başlaması ictimai nəqliyyatın əlçatanlığının artırılması baxımından mühüm addım kimi qiymətləndirilir.
Bəs gələcəkdə bu təşəbbüs aztəminatlı ailələr, əlilliyi olan şəxslər, təqaüdçülər və digər həssas sosial qruplar üçün də tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, hazırda ödənişsiz avtobusların hansı kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulduğu tam aydın deyil.

Cavanşir Abbaslı
Onun sözlərinə görə, bu güzəştlərin ölkədə sosial müdafiəyə ehtiyacı olan insanlara şamil ediləcəyi hələlik inandırıcı görünmür:
“Hələ məlum deyil ki, ödənişsiz avtobuslar konkret olaraq kimlər üçün fəaliyyət göstərəcək. Böyük ehtimalla bu güzəşt ölkədə ehtiyacı olan şəxslərə şamil olunmayacaq.
Layihə ilə bağlı yayılan “Böyük şəhərimizin kiçik qonaqları” ifadəsi də müəyyən suallar doğurur. Bu ifadə diqqət çəkir. Böyük ehtimalla turistlərin övladları nəzərdə tutulur. Əgər doğrudan da söhbət ölkəyə gələn turistlərin uşaqlarından gedirsə, bu barədə dəqiq məlumat verilməlidir. Məsələ tam aydınlaşmadan qəti fikir bildirmək düzgün olmaz.”
Cavanşir Abbaslı hesab edir ki, dövlət ilk növbədə sosial müdafiəyə ehtiyacı olan vətəndaşları nəzərə almalıdır:
“Ölkədə aztəminatlı ailələr, əlilliyi olan şəxslər və digər ehtiyacı olan insanlar üçün bu tip güzəştlərin tətbiqi çox müsbət addım olardı. Artıq ictimai nəqliyyatda kart sistemi istifadə olunur. Ehtiyacı olan insanların siyahısı dövlət qurumlarında mövcuddur. Onlar üçün xüsusi kartlar hazırlanaraq ödənişsiz gediş hüququ verilə bilər.”
Siyasi şərhçi vurğulayıb ki, nəqliyyat xərcləri bir çox ailələr üçün ciddi maliyyə yükünə çevrilib:
“Bu gün 60 qəpik az məbləğ kimi görünə bilər. Amma söhbət təkcə bir gedişdən getmir. İnsan gün ərzində iki dəfə avtobus və ya metrodan istifadə edir. Elə ailələr var ki, bu məbləği hər gün ödəmək onlar üçün ciddi çətinlik yaradır.”
O, əlavə edib ki, ödənişsiz nəqliyyat imkanının təqaüdçülərə də şamil olunması məqsədəuyğun olardı:
“Pensiyaçılar ictimai nəqliyyatdan əvvəlki illərlə müqayisədə daha az istifadə etsələr də, onlar da sosial həssas təbəqəyə daxildirlər. Bu sistem onların da istifadəsinə verilsə, çox yaxşı olar. Dövlət bu məsələnin üzərində düşünməlidir.”
Abbaslının fikrincə, belə bir sosial layihənin dövlət büdcəsinə ciddi yük gətirəcəyini düşünmək doğru deyil. Bu layihənin tətbiqi dövlət büdcəsinə elə də ciddi ziyan vurmaz. Sosial baxımdan faydası isə daha böyük olar./// konkret.az