Bu gecə dünya çempionatının 1/16 final mərhələsi çərçivəsində Portuqaliya və Xorvatiya yığmaları arasında baş tutan qarşılaşma (2:1) rekordla yadda qalıb.
Bu oyunda Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç mundiallar tarixində bir-birinə qarşı oynamış ən yaşlı rəqib cütlüyü olublar.
Belə ki, matç günü portuqaliyalı ulduzun 41 yaş 148 günü, xorvatiyalı oyunçunun isə 40 yaş 292 günü tamam olmuşdu.
Oyundan sonra Kriştianu Modriçlə səmimi söhbət edərək ona gələcək karyerasında uğurlar arzulayıb.
"Mən uzun illər Modriçlə birlikdə oynamışam, onun hələ də ən yüksək səviyyədə çıxış etdiyini görmək möhtəşəmdir. Onunla danışdım. Onu görməkdən çox məmnun olduğumu bildirdim və karyerasında hər şeyin ən yaxşısını arzuladım", - deyə Ronaldu oyundan sonrakı açıqlamasında qeyd edib.
Xatırladaq ki, Ronaldu və Modriç uzun müddət "Real Madrid" klubunda birlikdə çıxış ediblər. Ronaldu 2009-2018-ci illərdə, Modriç isə 2012-2025-ci illərdə Madrid təmsilçisinin şərəfini qoruyub. Modriç Xorvatiya millisində dünya çempionatlarının gümüş (2018) və bürünc (2022) mükafatçısıdır. 2026-cı ilin dünya çempionatı onun karyerasında qatıldığı beşinci mundial kimi tarixə düşüb.