Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində NATO-nun sammiti işə başlayır.
News365.az xəbər verir ki, 32 üzv ölkənin liderlərinin qatılacağı sammitdə ABŞ Prezidenti Donald Tramp da iştirak edəcək.
Zirvən görüşünün əsas gündəliyini Ukraynadakı müharibə, Avropanın müdafiə xərclərinin artırılması, NATO-nun hərbi istehsal imkanlarının genişləndirilməsi və Alyans daxilində təhlükəsizlik yükünün ABŞ-dan Avropaya ötürülməsi təşkil edəcək.
Vaşinqton uzun müddətdir Avropa ölkələrindən müdafiəyə daha çox vəsait ayırmağı tələb edir. ABŞ administrasiyası eyni zamanda Avropadakı hərbi kontingentini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
Məlumata görə, sammitin yekun bəyannaməsində Avropa müttəfiqləri və Kanada müdafiəyə yatırdıqları investisiyaların 139 milyard dollar artırıldığını vurğulayacaq, həmçinin NATO-nun müdafiəsi üçün daha böyük məsuliyyət götürəcəklərini bəyan edəcəklər. Liderlər 2035-ci ilədək üzv ölkələrin müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılması öhdəliyini də təsdiqləyəcəklər.
Sammitdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen, Avropa Şurasının Prezidenti Antonio Koşta, Cənubi Koreya Prezidenti Li Çje Myon və Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcək.
Ukraynaya qarşı davam edən müharibə sammitin əsas mövzularından biri olacaq. Rusiya ordusunun son günlər Kiyevə ballistik və qanadlı raketlər, "Zirkon" raketləri və yüzlərlə pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücumlardan sonra Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələsinin xüsusi müzakirə olunacağı gözlənilir.
ABŞ rəsmilərinin məlumatına görə, Donald Tramp sammit çərçivəsində Volodimir Zelenski ilə ikitərəfli görüş keçirəcək. Görüşdə Trampın Rusiya ilə mümkün sülh razılaşmasına dair baxışını Ukrayna liderinə təqdim edəcəyi bildirilir. Sammitdən sonra isə Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağı gözlənilir.
Bununla yanaşı, The Telegraph nəşrinin məlumatına əsasən, Zelenski əvvəlki illərdən fərqli olaraq NATO sammitinin əsas plenar iclasında çıxış etməyəcək.
Gözləntilərə görə, NATO üzvləri sammitin yekununda Ukraynaya dəstəyi bir daha təsdiqləyəcək. Ayrı-ayrı müttəfiq ölkələrin 2026-cı ildə Ukraynaya hərbi texnika, təlim və digər dəstək üçün ümumilikdə 70 milyard avro ayıracaqlarını açıqlaması, bu yardım səviyyəsinin 2027-ci ildə də qorunmasının hədəflənməsi nəzərdə tutulur. ABŞ-ın isə bu maliyyələşdirmədə iştirak etməyəcəyi bildirilir.
Sammit proqramına əsasən, bu gün günün ikinci yarısında Volodimir Zelenski ilə NATO-nun Baş katibi Mark Rütte birgə qısa bəyanatla çıxış edəcəklər. Axşam saatlarında isə Ukrayna Prezidenti Türkiyə və NATO rəhbərliyinin təşkil etdiyi rəsmi qəbul və şam yeməyində iştirak edəcək.
Eyni vaxtda Ukrayna-NATO Şurasının xarici işlər nazirləri səviyyəsində iclası, həmçinin NATO müdafiə nazirlərinin Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın iştirakı ilə keçiriləcək görüşü də planlaşdırılır.