Bakıda liftdə azyaşlıya qarşı törədilən zorakılıq hadisəsi ölkə gündəmini sarsıtmaqda davam edir. Sosial şəbəkələrdə hadisəni törədən 29 yaşlı Ayxan Ağalarovun müəllim işlədiyi ilə bağlı iddialar yayılıb.
News365.az olaraq məsələnin dəqiqliyini öyrənmək üçün Elm və Təhsil Nazirliyinə rəsmi sorğu ünvanladıq.
Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, qurum rəsmiləri də bu barədə məlumatı ilkin olaraq sosial şəbəkələrdən oxuyublar:
"Sözügedən iddialarla bağlı hazırda araşdırma aparılır. Hadisəni törədən şəxsin təhsil sistemində çalışıb-çalışmadığı barədə hər hansı bir təsdiq və ya inkaredici məlumat dəqiqləşən kimi ictimaiyyətə rəsmi açıqlama veriləcək".
***
Bakıda Əliəşrəf Əlizadə 57 ünvanında yerləşən binanın liftində azyaşlıya qarşı zorakılıq edilib.
News365.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Azyaşlının anasının sözlərinə görə, psixi sağlamlıq problemi olan şəxs liftə minmək istəyən uşağı itləyərək yıxıb:
“Gördüyünüz uşaq mənim oğlumdur. Çoxunuz bilirsiniz ki, oğlum autizmlidir. Dünən baş verən bu hadisədən sonra oğlum gecə boyu yata bilmədi. Uzun müddət danışmadı, nitqi tutuldu, qorxudan əsirdi. Bir ana üçün övladını bu vəziyyətdə görmək və bu cür görüntüləri izləmək sözlə ifadə olunacaq qədər asan deyil.
Bu videonu paylaşmağımda məqsəd odur ki, hər kəs bu hadisədən xəbərdar olsun və övladlarını bu cür təhlükəli vəziyyətlərdən qorusun. Heç kim bilmir ki, sabah harada və nə ilə qarşılaşacaq”.
Ana onu da qeyd edib ki, azyaşlıya fiziki zor tətbiq edən 29 yaşlı Ayxan Ağalarov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.