Qubadlı - Azərbaycan xalqının qürur mənbəyi

Qubadlı - Azərbaycan xalqının qürur mənbəyi
11:07

Prezident İlham Əliyev: “...bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır”

 Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərq hissəsində yerləşir. Rayonun ərazisi 802 kvadrat kilometr təşkil edir. Bu qədim diyarın səthi əsasən dağlıq olub, təbiət baxımından olduqca zəngin və füsunkardır. Qubadlının dağları, dərələri, bulaqları və çayları əsrlər boyu xalqımızın yaddaşında el sənətinə, folkloruna, ədəbiyyatına sirayət edən gözəllik simvoluna çevrilmişdir. Qubadlı qərbdən 120 kilometr məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın və Xocavənd rayonları, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Kəndlərin böyük əksəriyyəti Həkəri və Bərgüşad çaylarının vadisində yerləşir ki, bu da torpağın bərəkətli olmasına, əhalinin əsasən kənd təsərrüfatı ilə məşğul olmasına şərait yaratmışdır.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları fonunda Qubadlı rayonu ciddi təhlükə altına düşdü. Ermənistanla (120 km) və işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə (45 km) sərhəddə yerləşməsi səbəbindən Qubadlı həm hərbi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyırdı. 1988–1993-cü illər ərzində Qubadlı rayonu sistemli şəkildə erməni silahlı qüvvələrinin hücumlarına məruz qaldı. Dinc əhali arasında itkilər oldu, kəndlər yandırıldı, infrastruktur dağıdıldı. Azərbaycan Ordusunun qəhrəmanlıqla göstərdiyi müqavimətə baxmayaraq, qüvvələr nisbətinin qeyri-bərabərliyi nəticəsində 1993-cü il avqustun 31-də Qubadlı rayonu tamamilə işğal olundu. İşğal nəticəsində minlərlə qubadlılı öz doğma yurdlarından didərgin düşdü. Rayonun 94 kəndi, yüzlərlə tarixi abidə, məktəb, xəstəxana, mədəniyyət evi və inzibati bina dağıdıldı, yandırıldı. Qubadlının təbii sərvətləri, meşələri və tarixi irsi qarət edildi.

İşğaldan sonra Ermənistan beynəlxalq hüququn bütün normalarını kobud şəkildə pozaraq Qubadlı rayonunda qanunsuz məskunlaşma siyasəti həyata keçirdi. Xaricdən, xüsusilə də Suriyadan, Livandan, Fransadan və digər ölkələrdən gətirilən ermənilər Qubadlının kəndlərinə, xüsusilə Xanlıq qəsəbəsinə yerləşdirildilər. Məqsəd Azərbaycanın bu ərazilərində demoqrafik tərkibi dəyişmək, işğalı uzunmüddətli hala gətirmək idi. Cenevrə Konvensiyalarına əsasən, işğalçı dövlətin işğal etdiyi torpaqlarda öz vətəndaşlarını yerləşdirməsi müharibə cinayəti sayılır. Ermənistan bu cinayəti sistemli şəkildə həyata keçirmiş, xaricdə yaşayan ermənilərin maliyyə vəsaiti hesabına yeni qəsəbələr salmış, dağıdılmış kəndləri “bərpa” adı altında özününküləşdirməyə cəhd etmişdir. Xanlıq kəndində və ətraf ərazilərdə salınan yeni yaşayış məntəqələri Ermənistanın işğal siyasətinin bariz nümunəsi idi. Bu addımlar regionun gələcəkdə sülh şəraitində birgəyaşayışını çətinləşdirmək məqsədi daşıyırdı.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni bir mərhələ açdı. Müzəffər Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşda torpaqlarımızı azad etdi. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri qəhrəmanlıqla düşmən işğalından azad olundu. Bu tarix Qubadlı sakinləri üçün əbədi Qurtuluş Günü, Qubadlı şəhəri günü kimi qeyd olunur. Bu zəfər təkcə bir rayonun azadlığı deyil, həm də 27 il ərzində ürəklərdə yaşayan həsrətin sonu idi. Qubadlıya Azərbaycan bayrağının sancılması ədalətin, əzmin və birliyin təntənəsi idi. 2020-ci ilin dekabr ayında Prezident İlham Əliyev rayona səfər edib və orada Azərbaycan bayrağını qaldırıb. Bu səfər işğaldan azad olunmuş ərazilərdə Dövlət rəhbərinin fiziki varlığını göstərərək həm Qubadlının dəyərini, həm də Dövlətin orada ilk addımlarını simvolizə edib. Bundan əlavə, rayonda yol infrastrukturu, elektrik-enerji təminatı kimi sahələrə dair layihələr üzrə məlumatlar verilib. 25 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva rayona səfər ediblər. Bu gün bir neçə mühüm mərasim keçirilib. Belə ki, Xanlıq-Qubadlı avtomobil yolunun təməlqoyma mərasimi, 110/35/10 kV “Qubadlı” yarımstansiyasının açılışı, dövlət Sərhəd Xidməti üçün xüsusi hərbi hissənin kompleksinin açılışı olub. Həmin zaman Prezidentin nitqində bu səfərin “Qubadlının azadlığının ilk ildönümü” kimi qeyd edildiyi, 25 oktyabrın rəsmi olaraq Qubadlı tarixində Zəfər Günü elan ediləcəyi vurğulanıb.

 Sonrakı illərdə də dövlət başçının Qubadlıya səfərləri olub. Səfərlərin yalnız təkcə mərasimlərlə məhdudlaşmadığı, həm də rayonda genişmiqyaslı bərpa-quruculuq işlərinə rəhbərlik məqsədilə olduğu görünür. Məsələn, Qubadlının ustad planının hazırlanması və gələcək inkişafına dair Prezidentin bəyanatları vardır: “Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma, eyni zamanda, artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün biz yeni yarımstansiyanın açılışını qeyd etdik və bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır”.

Artıq Qubadlı rayonu bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Dövlətin həyata keçirdiyi Böyük Qayıdış Proqramı çərçivəsində Qubadlıda yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, müasir yollar və infrastruktur layihələri həyata keçirilir. Qubadlıya həyat qayıdır, doğma torpaqlara yenidən qubadlılılar dönür.

Qubadlı Azərbaycanın qəhrəmanlıq simvoludur. Bu diyar həm fədakar insanları, həm də tarixindəki dözüm və mübarizə ruhu ilə seçilir. 25 Oktyabr – Qubadlı şəhəri günü yalnız bir şəhərin azadlığını deyil, bütöv bir xalqın iradəsini, milli birliyini və ədalətə inamını təcəssüm etdirir. Qubadlı torpağı bu gün də olduğu kimi gələcəkdə də Azərbaycan xalqının qürur mənbəyi olacaq, azadlığın və əzmin rəmzi kimi nəsillərdən-nəsillərə ötürüləcəkdir.

 

Kamal Paşa-zadə

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin

violonçel ixtisası üzrə müəllimi,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 


Sizin reklam burada
Sizin reklam burada