"Son illərdə bir çox nüfuzlu beynəlxalq analitik mərkəzlər, o cümlədən Qərbdə fəaliyyət göstərən beyin mərkəzləri, Azərbaycan-Ermənistan münasibətləri və sərhəddə baş verən toqquşmalarla bağlı müxtəlif hesabatlar yayımlayıblar. Xüsusilə ötən il fevral ayında Avropa Xarici Əlaqələr Şurası (ECFR) Azərbaycanın Zəngəzura hücuma hazırlaşdığı barədə hesabat dərc etmişdi. O dövrdə ekspert Mete Müller də bu mövzuda açıqlamalar vermişdi."
Politoloq Anar Əliyev bunu News365.az-a açıqlamasında deyib.
"Bu faktlar onu göstərir ki, Qərb, xüsusilə ABŞ və Fransa, Ermənistanla Azərbaycan arasında sərhəddə gərginliyin davam etməsində maraqlıdır. Bəs bunun səbəbi nədir?
Hazırkı müzakirə gündəliyi, yəni Bakı və İrəvan arasında vasitəçisiz birbaşa dialoqun qurulması Qərbin maraqlarına uyğun deyil. Çünki bu halda, onlar proseslərə təsir etmək imkanını itirirlər. Hətta Rusiya belə Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı birbaşa müzakirələrin aparıldığını qəbul etmək məcburiyyətində qalıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ötən həftə keçirdiyi mətbuat konfransında bu prosesin müsbət olduğunu və sülhə töhfə verdiyini bildirmişdi.
A. Əliyev Qərbin yeni gündəlik axtarışında olduğunu bildirir:
"Qərb bu cür birbaşa təmasları istəmir. Çünki əgər Azərbaycan və Ermənistan vasitəçilərsiz problemlərini həll etsələr, Qərbin bu proseslərdə iştirak imkanları aradan qalxacaq. Nəticədə, onlar ya hazırkı müzakirə gündəliyinə yeni elementlər daxil etməli, ya da daha geniş miqyasda tamamilə yeni bir gündəlik formalaşdırmalıdırlar."- deyə vurğulayıb.