Qarabağdan Ermənistana gedən insanları Nikol Paşinyanın əleyhinə qaldıran qüvvələr, onların vasitəsi ilə baş nazirə qarşı kampaniya aparmağa cəhd göstərirlər. Qarabağ klanının son ümid yeri olan ermənilər hökumətə qarşı mitinqlərə cəlb edilir və aksiyalarda Paşinyanın siyasətini pisləyən bəyanatlar səsləndirirlər. Kampaniyanın başında dayanan isə sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyandır. Bundan əlavə əli minlərlə azərbaycanılının qanına batan, 2023-cü ilin sentyabrında güclə qaçıb canını qurtaran Samvel Babayan da hökumətə qarşı əks mövqeyi ilə seçilir.
News365.az xəbər verir ki, Paşinyan Babayanı artıq “zərərsizləşdirə” bilib. “Hraparak” yazır ki, hökumət Babayana tikinti tenderləri üçün müəyyən kvota ayırıb. Paşinyan Babayan vasitəsi ilə Qarabağdan gələn ermənilərə beş-on dram verməklə onların səsini “kəsib”. Bu, da hər iki tərəfi tam qane edir. Plana görə iri tenderləri “udan” Samvel Babayan bununla öz ətrafına narazı erməniləri toplayır və onları siyasi oyunlardan kənar saxlayır. “Hraparak” eyni zamanda gələn il keçiriləcək seçkilərdə hakimiyyətin Babayana dəstəyini də istisna etmir.