News365.az xəbər verir ki, hadisə Şimali Sumatra əyalətinin Simalungun bölgəsində baş verib.
Məlumata görə, Pematangsiantar–Medan marşrutu üzrə hərəkət edən “Siantar Express” sərnişin qatarı yerli vaxtla saat 16:00 radələrində Tapian Dolok rayonunun Sinaksak ərazisində mikroavtobusla toqquşub.
Zərbənin təsirindən mikroavtobus qatarın qarşısında sürüklənib və qısa müddət sonra alovlanıb. Hadisə nəticəsində mikroavtobusun sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəza zamanı qatarın üç əməkdaşı – iki maşinist və bir lokomotiv işçisi də xəsarət alıb. Onlar tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
İndoneziya Dövlət Dəmir Yollarının (PT KAI) Şimali Sumatra Regional İdarəsinin açıqlamasına əsasən, qatarda olan 264 sərnişinin hamısı təhlükəsiz şəkildə təxliyə edilib. Onların heç biri xəsarət almayıb.