ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) hüquq-mühafizə məlumatlarının saxlanıldığı bazaya kiberhücum faktını araşdırır.
News365.az xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Milli Cinayət Məlumat Mərkəzi (NCIC) hakerlərin hücumuna məruz qalıb. Bu məlumat bazasından ölkə üzrə hüquq-mühafizə orqanlarının əməkdaşları yoxlamalar aparmaq, həmçinin həbs orderləri ilə bağlı məlumat mübadiləsi üçün istifadə edirlər.
Telekanalın məlumatına əsasən, bu, son bir neçə ay ərzində FTB sistemlərinə qarşı həyata keçirilən ikinci kiberhücumdur. Sentyabr ayında baş verən əvvəlki hücum zamanı büro əməkdaşlarının fərdi məlumatları hədəf alınıb.
Qeyd edək ki, son günlər ABŞ-də bir sıra dövlət qurumlarının və iri şirkətlərin informasiya sistemlərində də problemlər yaşanıb. Belə ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri kiberhücum aşkarladıqdan sonra bəzi daxili sistemləri söndürməli olublar.
Bundan başqa, Federal Mülki Aviasiya İdarəsinin hava hərəkətini idarəetmə mərkəzlərində rabitə kəsintisi səbəbindən ölkə üzrə uçuşlar dörd saatdan çox müddətə dayandırılıb.
Eyni zamanda, "Microsoft", "United Airlines" və "JPMorgan Chase" şirkətlərinin fəaliyyətində irimiqyaslı nasazlıqlar qeydə alınıb. ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin daxili kompüter şəbəkəsində də problemlərin yarandığı bildirilib.