Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) nümayəndə heyəti ilə Əməliyyatların Logistik Dəstəyi (OLSP) mexanizmlərinin fəaliyyətinə dair görüş keçirilib.
News365.az xəbər verir ki, görüş zamanı müasir təhlükəsizlik mühitində NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi mobilliyin təmin olunması, təchizat zəncirinin dayanıqlığının artırılması və Alyansın kollektiv logistik təminat fəaliyyəti barədə təqdimatlar keçirilib.
Tərəflər NATO-ya üzv ölkələr üçün yeni təhlükəsizlik mühitinin yaratdığı çağırışları, Əməliyyatlar üçün Logistik Dəstək Tərəfdaşlığının (OLSP) fəaliyyət istiqamətlərini, üzv dövlətlərin milli, çoxtərəfli və NATO çərçivəsində mövcud logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə ediblər.
Həmçinin Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə hərbi qulluqçular üçün təlim və maarifləndirmə tədbirlərinin təşkili, eləcə də NSPA və OLSP mexanizmləri vasitəsilə mövcud beynəlxalq və çoxtərəfli imkanlardan səmərəli istifadə məsələlərinə toxunulub.