Psixoloqdan HƏYƏCAN TƏBİLİ: Mobil telefonlar münasibətləri necə soyudur?

Psixoloqdan HƏYƏCAN TƏBİLİ: Mobil telefonlar münasibətləri necə soyudur?
13:35

Müasir dövrdə mobil texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrilməsi ailədaxili münasibətlərdə ciddi böhranlara yol açır. Aparılan beynəlxalq araşdırmalar göstərir ki, tərəfdaşların gün ərzində telefona ayırdığı həddindən artıq vaxt tərəflər arasında emosional bağların qopmasına, qarşılıqlı etimadsızlığa və nəticədə boşanma hallarının artmasına birbaşa təsir göstərir. Mütəxəssislər xəbərdarlıq edir: problem texnologiyanın özündə deyil, onun real ünsiyyəti və insani təması tamamilə sıradan çıxarmasındadır.

Mövzu ilə bağlı News365.az-a özəl açıqlama verən psixoloq Elmir Əkbər bildirib ki, mobil telefonlar artıq gündəlik köməkçi vasitə olmaqdan çıxıb, insan psixologiyasını idarə edən təhlükəli asılılığa çevrilib:

"İnsanlar virtual aləmə o qədər bağlanıblar ki, artıq hər bir duyğunu, sevinci və kədəri yalnız ekran vasitəsilə yaşamaq normal qəbul edilir. Belə olan halda məndə ritorik bir sual yaranır: məgər vaxtilə bu texnologiyalar olmayanda insanlar xoşbəxt deyildilər? Təəssüf ki, həyatımızı asanlaşdırmalı olan bu böyük nemət bu gün ailələrin dağılmasına rəvac verir".

"Restoranda görüşürlər, amma hərə öz telefonuna baxır"

E.Əkbər qeyd edib ki, əvvəllər fantastik filmlərdə gördüyümüz görüntülü zənglər və sürətli kommunikasiya indi əlçatandır, lakin insanlar bu imkanları deqradasiya istiqamətinə yönəldirlər:

"Bu gün cəmiyyətdə acınacaqlı mənzərə hökm sürür. İstənilən məkana, kafeyə daxil olanda görürük ki, tərəflər görüş təyin ediblər, amma hər kəs başını aşağı salıb öz smartfonu ilə məşğuldur. Doğmalarımızla göz-gözə gəlmək, fikir bölüşmək, duyğuları bölüşmək əvəzinə, vaxtımızı sosial şəbəkələrin lentini fırlatmaqla öldürürük. Biz təbiətən sosial varlıqlarıq və canlı ünsiyyət bizim ən təməl biopsixoloji ehtiyacımızdır. Bu ehtiyac ödənilmədikdə isə münasibətlərə soyuqluq və yadlaşma daxil olur ki, bunun da bərpası çox zaman mümkün olmur".


Sizin reklam burada
Sizin reklam burada