İlham Əliyevlə Paşinyan bu barədə razılığa gəldilər - FOTOLAR

İlham Əliyevlə Paşinyan bu barədə razılığa gəldilər - FOTOLAR
02 Okt 2025 14:04

Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünün detalları açıqlanıb.

News365.az-ın məlumatına görə, görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar.

Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.

***

Danimarkanın paytaxtı Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü baş tutub.

News365.az-ın məlumatına görə, görüş Kopenhagendə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində keçirilib.

***

Danimarkanın paytaxtı Kopenhagen şəhərində "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilir.

News365.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Danimarkanın Baş naziri Mette Frederiksen Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı.


Sizin reklam burada
Sizin reklam burada