"Paşinyan təxribatlara yol verməklə boş yerə yeni macəralar axtarır" - AÇIQLAMALAR

"Paşinyan təxribatlara yol verməklə boş yerə yeni macəralar axtarır" - AÇIQLAMALAR
25 İyn 2024 10:03

Ermənistan tərəfi son günlərdə Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəsi pozur.

Milli Məclisin deputatı Rasim Musabəyov mövzu ilə bağlı News365.az-a açıqlama verib. O, bildirir ki,  Paşinyan orduya nəzarət edə bilmir:

"Azərbaycanın Naxçıvan bölgəsində Ermənistanla sərhəddi Ermənistan tərəfindən olduqca pis təşkil olunub. Sərhədçilər əsasən50-60 yaşlı keçmiş döyüşçülərdən ibarətdir.Əli silahlı bu adamlar arasında da nə nizam-intizam var, nə də ki, məsuliyyət. Onlar heç hərbi and da içməyiblər.  Çox zaman da içkili olurlar. İçkili vəziyyətdə postlara çıxan bu bədnam heyət də tez-tez Azərbaycan tərəfə atəş açır. İstisna etmirəm ki, Paşinyandan narazı olaan bu revanşistlər qəsdən təxribat törədirlər. Çünki Paşinyan deyir ki, mən Ermənistana sülh gətirmişəm. Bunlar isə nümayiş etmək istəyirlər ki, heç bir sülh yoxdur. O cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı öz etirazlarını da bu şəkildə bildirirlər. Hər bir halda bu Ermənistanın, dövlətin problemidir. Paşinyan ölkədə nəzarəti möhkəmləndirməlidir, ancaq məsuliyyətdən boyun qaçırmamalıdır. Paşinyan atəşkəs pozulmayıb deyərək məsuliyyətdən boyun qaçırır. Paşinyan orduda nizam-intizam təmin edə bilmir. Bunlar problemdir, düşünürəm ki, Ermənistan hakimiyyəti bununla ciddi şəkildə məşqul olmalıdır əks halda bu kifayət qədər böyük mənfi nəticələrə gətirib çıxara bilər"- deyə bildirib. 

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev də öz fikirlərini bildirib. O, qeyd edir ki, Ermənistan tərəfi sülh istəmir:

"Ermənistan tərəfinin Kəlbəcər və Naxçıvan istiqamətlərində atəşkəsi intensiv şəkildə pozması ondan xəbər verir ki,  Nikol Paşinyan Azərbaycanla sülh əldə olunması üçün addımlar atmaq niyyətində deyil. Sülh barəsində verilən bəyanatlar yalnız və yalnız boş sözlərdən ibarətdir və bunu hətta Paşinyanın yaxın kamandası da öz fəaliyyətində, açıqlamasında ifadə edirlər. Qazaxın kəndlərinin qaytarılmasından sonra Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi general Eduard Əsiryan həmin qaytarılan kəndlərin Ermənistana aid olduğunu vurğulamışdı. Bundan əlavə olaraq Paşinyanın imzası ilə vəzifəyə təyin olunan digər bir şəxs Göyçə mahalının qubernatoru da Azərbaycana qarşı təzyiq mexanizmlərinə o cümlədən güc tədbiqlərindən bəhs edən bir bəyanat vermişdi. Bunlar ondan xəbər verir ki, Ermənistanın hərbi rəhbərliyi Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək niyyətində deyil. Naxçıvan istiqamətində atəşkəsin pozulması ondan xəbər verir ki, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri o cümlədən, Zəngəzur dəhlizinin açılması ilə bağlı fəaliyyətləri yerinə yetirmək niyyətində deyil. Buna görə də  delimitasiya və demarkasiya məsələsinin davam etməsindən yayındırmaq, Zəngəzur dəhlizinin açılmasını ləngitmək məqsədilə suni bir şəkildə Ermənistanın hərbi rəhbərliyi tərəfindən gərginlik yaradılır. Siyasi rəhbərlik, xüsusilə Nikol Paşinyan bu prosesləri sanki görməzdən gəlir.  Daha əvvələr də belə atəşkəs pozuntularının  Ermənistan üçün nə qədər ağrılı - acılı nəticələrə gətirib çıxardığının şahidi olmuşuq. Görünür Ermənistan tərəfi başına gələn bu fəlakətlərdən nəticə çıxarmaq istəmir. Növbəti dəfə Qərb havadarlarının, xüsusilə də Fransanın dəstəyi ilə Azərbaycana qarşı təxribatlara yol verməklə boş başına yeni məcaralar axtarır."- deyə əlavə edib.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər