"Paşinyan cəmiyyətdə destruktiv meyilləri azaldır".
Milli Məclisin deputatı Vüqar İskəndərov News365.az-a açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın fikirlərində həqiqət payı var və o, cəmiyyətdə uzun müddət formalaşmış destruktiv meyillərin aradan qaldırılması istiqamətində çalışır. Deputat vurğulayıb ki, 2003-cü ildə Kaçaryan və Sarkisyanın hakimiyyəti dövründə erməni xalqı ən çətin və gərgin illərini yaşamış, ideoloji təzyiqlərə məruz qalmışdır.
Vüqar İskəndərov qeyd edib ki, həmin dövrdə xalq “böyük Ermənistan” ideyası və digər mənasız ideologiyalarla beyinlərinin zəhərlənməsinə məruz qalmışdır. Bu ideologiyaların təsiri həm məktəblərdə, həm universitetlərdə tədris olunan tarix dərslərinə, həm də gənc nəsil arasında formalaşan düşüncə tərzinə öz təsirini göstərib. Deputat əlavə edib ki, Paşinyan və onun hakimiyyəti indi bu mənfi təsirləri təmizləməklə məşğuldur və cəmiyyəti daha sağlam və liberal düşüncəyə yönəltməyə çalışır.
O, xüsusilə vurğulayıb ki, Paşinyan cəmiyyətdə zaman-zaman kəskin reaksiya və destruktiv meyillərin azaldığını görür və buna uyğun siyasət yürüdür. İskəndərov bildirib ki, erməni cəmiyyətinin gənc və orta yaşlı təbəqəsi artıq müharibə istəmir, Avropaya yönəlir və liberal iqtisadi bazar istəyir.
Deputat əlavə edib ki, siyasi baxımdan Qaçaryan və Sarkisyan artıq “siyasi meyit” hesab olunur. Onlar çoxsaylı cinayətlərə bulaşmış şəxslərdir və cəmiyyət bunu yaxşı bilir. Yalnız onların siyasi fəaliyyətini qoruyan immuniteti onları hələ də siyasi müstəvidə aktiv saxlayır.
Vüqar İskəndərov bildirib ki, Paşinyanın bu siyasəti həm cəmiyyətdə liberal düşüncəni gücləndirməyə, həm də erməni cəmiyyətini keçmişin destruktiv təsirlərindən qorumağa xidmət edir.