Avtomobillər bahalaşacaq - YENİ QƏRAR

Avtomobillər bahalaşacaq - YENİ QƏRAR
11:35

“Təkcə işlənmiş avtomobillər deyil, həm də hibrid və elektromobillərə tətbiq olunan güzəştlər 2026-cı il yanvar ayının 1-də başa çatacaq. Həmin nəqliyyat vasitələri də artıq ƏDV-yə cəlb olunacaq”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib.

O bildirib ki, sözügedən addım avtomobil bazarında bahalaşmaya gətirib çıxaracaq:

“Sözsüz ki, bütün hallarda bu konkret olaraq, qanunvericiliklə nəzərdə tutulmuş, 18 faizlik artım deməkdir. Yəni ƏDV tətbiq olunacaqsa, bütün növ istehlak malları 18 faiz bahalaşacaq. Bu, o cümlədən avtomobil bazarına aiddir. İstər ikinci əl, istərsə də yeni avtomobil əgər ƏDV-yə cəlb olunursa, deməli 18 faiz bahalaşma baş verəcək”.

Ekspert vurğulayıb ki, Gürcüstanda avtomobillər Azərbaycana nisbətən xeyli ucuzdur:

Azərbaycan dünyada və Cənubi Qafqazda adambaşına düşən avtomobil sayına görə ən aşağı yerlərdən birini tutur. Hətta Ermənistan və Gürcüstan belə adambaşına düşən nəqliyyat vasitələrin sayına görə Azərbaycandan irəlidir. Siz Gürcüstanın avtomobil bazarına diqqət etsəniz, Azərbaycan bazarına nisbətən qiymətlər 60-70 faiz daha ucuzdur. Bu çox böyük bir rəqəmdir”.

İ.Hüseynli qeyd edib ki, Azərbaycanda sadəcə bəzi avtomobil modellərinin yığımı həyata aparılır:

“Azərbaycan da, Gürcüstan da avtomobil istehsalçısı deyil. Ölkəmizdə sadəcə bir sıra nəqliyyat vasitələrinin yığımı həyata keçirilir. Demək olar ki, Azərbaycan istehsal olunan avtomobillərin sayı barmaqla göstəriləcək qədərdir. Ona görə də, bu qədər bahalaşma, bu qədər ƏDV-lərin, bu qədər gömrük rüsumlarının tətbiqi elə də effektiv deyil”.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.


Sizin reklam burada
Sizin reklam burada