Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsində çıxış edib.
News365.az-ın məlumatına görə, o, Türk dünyasında birliyin möhkəmlənməsinin vacibliyini vurğulayıb.
Ərdoğan çıxışı zamanı ortaq əlifba mövzusunda tarixi addım atdıqlarını bildirib:
“Ortak əlifba məsələsində Türkiyə olaraq ilk addımı atırıq. Çingiz Aytmatovun “Oğuznamələri” əsəri ortaq əlifba ilə çap edirik. Bu gün də liderlərə onlardan bir nüsxə təqdim edirik”.
Ərdoğan əlavə edib ki, gələn ilin yanvarında Ankarada Türk Dünyası Nəşriyyat Konqresi keçiriləcək. Həmçinin 30 oktyabrdan etibarən Səmərqənddə təşkil olunacaq UNESCO-nun 43-cü Baş Konfransında 15 dekabr tarixinin “Dünya Türk Dili Ailəsi Günü” elan edilməsinin arzu olunduğunu bildirib.
Türkiyə lideri Qəbələ Zirvəsini “Türk dünyasının həmrəyliyinin və ortaq gələcəyinin rəmzi” adlandırıb:
“Bu gün bir daha göstərdik ki, Türk Dövlətləri arasında həmrəylik və qarşılıqlı hörmət ruhu ilə gələcəyə inamla irəliləyirik. Böyük Türk dünyasını daha da gücləndirərək onu gələcək nəsillərə miras qoymaq bizim məsuliyyətimizdir.”
Ərdoğan, həmçinin Qırğızıstan Prezidenti Sadır Caparova səmərəli sədrliyə görə təşəkkür edib, Azərbaycan Prezidenti İlham Əliyevə isə Qəbələdəki nümunəvi ev sahibliyinə görə minnətdarlığını bildirib.
Türkiyə Prezidenti beynəlxalq vəziyyəti dəyərləndirib, Türk Dövlətləri Təşkilatının “bölgədə sülh və təhlükəsizliyin dayağı” rolunu oynaya biləcəyini qeyd edib.
“Qarşılaşdığımız təhlükəsizlik sınaqları fonunda əməkdaşlığımızı möhkəmləndirməli, terrorizm, qeyri-qanuni miqrasiya, kiber təhdidlər və iqlim dəyişikliyinə qarşı ortaq mövqe sərgiləməliyik,” – deyə o bildirib.
Ərdoğan Xəzər dənizi üzərindən keçən ortaq nəqliyyat dəhlizinin daha səmərəli istifadəsinin vacibliyini vurğulayıb və enerji təhlükəsizliyi, eləcə də texnoloji əməkdaşlıq istiqamətində birgə layihələrin genişləndirilməsinin önəmini qeyd edib.
Ərdoğan çıxışının sonunda qeyd edib ki, Türk dünyasının birliyi təkcə siyasi deyil, həm də mədəni və mənəvi dəyərlərlə güclənməlidir. O, Macarıstanın müşahidəçi qismində iştirakı və Şimali Kipr Türk Cümhuriyyətinin təmsil olunmasını “Türk dünyasının genişlənən xəritəsi” adlandırıb.
Türkiyə Prezidenti, həmçinin Türkmənistanın Türk Akademiyasına və Türk Mədəniyyəti və İrsi Fonduna müşahidəçi üzv olmasını müsbət qiymətləndirib və gələcəkdə bu ölkəni təşkilatın tamhüquqlu üzvü kimi görmək istədiyini bildirib.