Naimə İsmayılova ixtisasca filoloqdur. Onu tanımaq, az qala, Şuşanı tanımaq kimidir. Dünyaya göz açdığı, böyüyüb boya-başa çatdığı şəhərə o qədər bağlı insandır ki, dilindən bir an da olsun Şuşa adı düşmür. Həmsöhbət olsan, Qalanın tarixi məhəllələrini, küçələrini bir-bir gəzib, onun təkrarsız gözəlliyini öz gözlərinlə yaxından görmüş kimi olarsan. Görmək azdır, bu şəhərin ətrini sinənə çəkib, daşını, kəsəyini köksünə sıxmaq istəyər və bundan ötrü səbirsizlənərsən. Ora üçün ürəyin əsər. Bir də Naimə xanımın şirin söhbətlərindən Şuşaya o qədər isinişərsən ki, elə orada doğulduğunu, orada ayaq açıb yeridiyini düşünərsən. Şuşa sevgisini dilə gətirməkdən çox, duyğularına qəlbinin dərinliyində sığal çəkib, xəyallarında əzizləyirsən.
Yadımdadır ki, bir vaxtlar Şuşanın dağlarından dumanın çəkiləcəyinə bəzilərimizin inamı gümana sığınanda Naimə xanım heç zaman ümidini itirmədi. Hər zaman sabahın aydınlığını gözləyib, doğma Qarabağımıza, doğulub boya-başa çatdığı Şuşaya qovuşacağı günlərə boylandı. Və günlərin birində vaxtilə Şuşanın ictimai həyatında fəal rol oynamış, Qarabağ münaqişəsinin gərgin vaxtlarında böyük şücaəti, Şuşanın qorunmasında xüsusi xidmətləri ilə tanınmış cəsur Şuşa ziyalısı, fədakar pedaqoq Xavər xanım Qasımovanın (1922–1998) məşəqqətlərlə və gərgin mübarizələrlə dolu həyatı haqqında kitab yazmağı qərara aldı.
Xavər xanım Naimə İsmayılovanın bibisidir. Qaçqınlığın ağrılarını bir yerdə yaşamalı olublar. Naimə xanım ona hər zaman "mama" deyərdi (qarabağlılar bibiyə "mama" deyirlər. Şuşa camaatı bu gün də onun xatirəsini böyük ehtiramla yad edir, haqqında "Şuşalıların mənəvi anası" deyə iftixarla söz açır – Red.). Maması haqqında ərsəyə gətirdiyi kitab oxucular tərəfindən maraqla qarşılandı.
Kitabda "Qabaqcıl maarif xadimi" Xavər Qasımovanın həyat və fəaliyyəti sənədlərlə, xarakteri, mənəvi dünyası canlı xatirələrlə, səmimi dillə əks olunub:
"...İnsanları çox sevirdi. Şuşa sevgisi isə bir başqa idi, canından artıq bilirdi. Onu bu yurda bağlayan tellər zərif, incə olduğu qədər də möhkəm və qırılmaz idi. Şuşanın işğalı ilə heç vaxt barışmadı. Ağrısını ürəyində, gah da göynərtili sözlərində ovundurdu. Amma ömrünün son günlərinə kimi ümidini solmağa qoymadı." (Naimə İsmayılova, "Şuşalıların mənəvi anası", "Şuşa" nəşriyyatı, Bakı-2019, səh. 106)

O ümidlər gerçəkdən də göyərdi. Müzəffər Ali Baş Komandan, rəşadətli Ordumuz, xalq-dövlət birliyi... Torpaqlarımızın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən müqəddəs şəhidlərimiz, o hünərin, cəsarətin canlı nişanələri olan qazilərimiz, veteranlarımız... Şuşada heyranlarını səsləyən xarıbülbüllərimiz...
Naimə xanımın bu günlərdə Şuşada olduğunu biləndə sevinc dolu hisslər keçirdim. Düşündüm ki, uzun illərin ağrı-acısından sonra indi o, özünü nə qədər xoşbəxt hiss edir. Bir də fikirləşdim ki, daha "Şuşalıların mənəvi anası"nın da ruhu şaddır.
Zəng vurdum. Naimə xanımla həmsöhbət olub, onun duyğu və düşüncələrini News365.az saytının oxucuları ilə bölüşmək istədim.
– Salam, Naimə xanım. Necəsiniz? Şəhərdə möhkəm istidir. Şuşada necədir vəziyyət?
– Hansı fəsil, necə hava olması fərq etməz. Şükürlər olsun bugünkü günə – Şuşadayıq. Doğrudur, ayrılığın ömrü uzun oldu. Amma dözdüm, inandım. Bilirdim ki, qovuşacağıq. Qovuşduq. Bundan gözəl nə ola bilər? Belə bir xoşbəxtliyi bizə bəxş edənlərə sonsuz minnətdaram. Ali Baş Komandanımız hər zaman müzəffər olsun. Qəhrəman şəhidlərimizin xatirəsini dərin ehtiramla anıram. Qazilərimizə cansağlığı diləyirəm. Onların sayəsində Şuşamız bu gün çal-çağır içindədir. Şuşamız tez-tez ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. O ki qaldı istilərə – istilərin Şuşaya əli çatmır. Bir gündə dörd fəsli yaşayırıq. Şuşamızın bir möcüzəsi də elə budur.
– Xavər xanım haqqında kitabınızı yeni məlumatlar, xatirələr və fotolarla bir qədər də təkmilləşdirib 2022-ci ildə yenidən "Qəlbi Şuşa həsrəti ilə döyünürdü" adı ilə "Şuşa" nəşriyyatında çap etdirdiniz. Kitabınızda Xavər xanımın Şuşadan ayrı düşdüyü günlərdən söz açanda, özünüz də xəyalən Şuşadakı o bəxtəvər günlərə qayıdırsınız:

Xoş ətir qoxuyur güllər, çiçəklər,
Zümrüd çəmənlərdə gülər çiçəklər,
Müqəddəs arzular, şirin diləklər,
Ömrün xoş çağları yadıma düşdü.
– Mamam ömrünün son günlərində belə torpaqlarımızın azad olunacağına ümidini itirmədi. Yerbəyer olmağa bizə imkan vermirdi. "Siz burada yaşamağa gəlmisiniz ki, özünüzə yuva qurmaq istəyirsiniz? Biz tezliklə Şuşaya qayıdacağıq", – deyirdi. İcazə verməzdi təzə nəsə alaq, geyinək. Yadımdadır ki, bir gün qonşumuz məni çölə çağırdı. Gördüm ki, şalının altında nəsə gizlədir. Dedi ki, Xavər müəllim bilməsin, qonşumuzda donluq parça satılır, bəlkə alaq, özümüzə təzə paltar tikdirək. Amma nəbadə Xavər müəllim bilsin... Dedim, birincisi, o parçanı nə ilə alırıq? İkincisi, mamam bilsə, ikimizi də Xəzərə atar.
– Canından əziz bildiyi Şuşa Xavər xanımın izlərini qoruya bilibmi?
– İnanın, izi nədir, hər addımda sanki mamamın üzünü görürəm, səsini eşidirəm. Xavər Qasımovanın xatirəsini nə Şuşanın, nə də şuşalıların unutması mümkün deyil. Çünki o, ömrünü bu şəhərin tarixi simasının qorunmasına, böyüməkdə olan nəslin savadlı, dünyagörüşlü, vətənsevər və dürüst yetişməsinə həsr elədi. Şuşalıların hamısını özünə doğmadan doğma bilirdi. Şuşalılar da onu çox istəyirdilər, hamı ona "mama" deyirdi. İndi də xatirəsini əziz tuturlar.
– Naimə xanım, siz İbrahimxəlil xanın qızı Gövhər ağanın vəsaiti ilə Cümə məscidini yenidən inşa edən memar Kərbəlayi Səfixan Qarabağinin nəslindənsiniz. Xavər xanım sağlığında bu haqda sizə nələrsə danışmışdımı?
– Mən maarifçi bir ailədə böyümüşəm. Atam da müəllim idi, Xavər mamam da. Onlar hər zaman bizə ədəbiyyatdan, Şuşanın tarixindən maraqlı söhbətlər edərdilər. Şəhərin yeddi məhəlləsindən, onun bulaqlarından, məscidlərindən elə faktlar söyləyərdilər ki, biz uşaqlar dinləməkdən doymazdıq. O ki qaldı Yuxarı və Aşağı Gövhər ağa məscidlərinin memarı Kərbəlayi Səfixan Qarabaği haqqında mamamın, atamın, qohumların söhbətlərinə – bu haqda "Qəlbi Şuşa həsrətilə döyünürdü" kitabımda söz açmışam.

Məlumat üçün deyim ki, Xavər xanımın bibisi – yəni maması Şövkət xanım Kərbəlayi Səfixan Qarabağinin gəlinidir. Yadımdadır, danışırdılar ki, babamgil beş qardaş olublar. Kərbəlayi Səfixan Qarabaği Gövhər ağa məscidinin memarlıq işlərini görəndə, babam Məmmədyar da dörd qardaşı ilə həmin məscidin tikintisində çalışıb.
Bir gün gördüm atam çox həyəcanla, qaçaraq evə gəldi. Dedim: "Nə olub, ata?" Dedi: "Bakıdan gəliblər. Gövhər ağa məscidinin memarının şəcərəsi ilə maraqlanırlar. Atamın şəklini istədilər". Xatirimdədir ki, atamın balaca qeyd kitabçası vardı. Həmin kitabçanın içində babamın çox kiçik ölçülü şəkli vardı, onu qoruyub saxlayırdı. Atam o şəkli böyütdürüb onlara çatdırdı.
Hər dəfə Şuşaya gələndə Gövhər ağa məscidinin qarşısında qəribə, həm də qürur dolu hisslər yaşayıram. Onu da düşünürəm ki, bu qürur hissini yalnız bu şəcərənin nümayəndələri olan bizlər yox, hər bir azərbaycanlı yaşayır. Babalarımızın bu mirası qəlbimizə iman işığı tutur. Onu da deyim ki, budəfəki gəlişimiz daha sevinclidir. Nəvəm tələbə adını qazanıb.
– Təbrik edirəm!
Telefonda Naimə xanımın qızı Xatirənin səsi yaxından eşidilir. Tələbə anası olmağın sevincini yaşayan Xatirə xanıma da xoş arzularımızı çatdırıram. Saranı təbrik edir, ona uğurlar arzulayıram. "REAL TV" televiziyasının Avropa üzrə müxbiri, "28" adlı filmi ilə 2021-ci ildə Türkiyədə keçirilən beynəlxalq festivalın mükafatçısı Xatirə Sərdarqızının yaradıcılıq planlarında Şuşamızla bağlı hansısa yenilik varmı?" deyə onu da söhbətə qoşuram.
– Şuşa ilə bağlı uzunmüddətli plan qurmuram. Şuşaya gəlib-getməyin özü, düşünürəm ki, reallaşdırdığım ən gözəl arzumdur. Mən, ümumiyyətlə, planla yaşayan insan deyiləm. Bir deyim var, onu çox sevirəm: "İnsanlar yer üzündə plan quranda Allah-Taala göy üzündən baxıb gülümsəyir." Amma Şuşa ilə bağlı ən böyük arzum, istəyim doğma şəhərə qayıtmaqdır. Anam evlə təmin olunsa, biz Şuşaya qonaq kimi, turist kimi yox, sakin kimi gələrik. Uzun illərdən sonra bura qonaq kimi gəlmək adamı kədərləndirir. Amma yenə şükür bu günə ki, Şuşaya gələ bilirik. Şuşa bizimdir. Şuşa qayıdıb, biz də qayıdırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində bu xoşbəxtliyi yaşayırıq.

Artıq üç gündür anamla, qızımla birlikdə Şuşadayıq. Bu gəlişimiz qızımın arzusu idi. O, bu il orta məktəbi bitirdi, yeni, müstəqil həyata qədəm qoydu. Avropa təhsil sistemi Azərbaycandakından fərqlidir. Sara tibb ixtisasını seçib. Bu sahə üzrə ixtisaslaşmaq üçün təhsilini davam etdirəcək. Həkim olmaq üçün uzun illər oxumalıdır.

Avqust ayında qayıdan kimi Sara tibb üzrə tələbə kimi təhsilini davam etdirəcək. Ona deyəndə ki, sənə nə hədiyyə edək? Dedi ki, Azərbaycana gedək. "Qarabağ tətili", "Şuşa tətili" istəyirəm. Bacardığım qədər Qarabağı gəzdirirəm. Şuşadan sonra Kərkicahanı, Şuşakəndi gördü, Xankəndini gəzdirdim.
Naimə xanım yenidən söhbətə qoşulur:
– Şuşaya gələndə elə bilirəm, bütün doğmalarım, əzizlərim əhatəmdədir. Özümü çox rahat hiss edirəm. Burada elə bil ki, ötənlərə, itənlərə yenidən əlim çatır. Səsləsəm, ünüm yetir. Şuşamla baş-başa qalmaq istəyirəm. Heç ayrılmaq istəmirəm ondan. İllərlə çəkdiyimi çəkmişəm. Heç olmazsa, bundan sonra uzaq düşməyək deyirəm.

Mənim ata ocağım mərkəzi küçədə idi. İndi yerində yeni tikililər inşa olunub. Sakinləri şəhərin yuxarı hissəsində məskunlaşdırırlar. Fərq etməz, Şuşanın hər bucağı mənim üçün əzizdir, təki olsun. Şuşada olmaq, Şuşanı hiss etmək bir başqa duyğudur. Ümid edirəm ki, tezliklə doğma, əziz Şuşama həmişəlik qovuşacam.
Nazim Əlifov