Fransa prezidenti Emmanuel Makron 2027-ci ildə ikinci prezidentlik müddəti başa çatdıqdan sonra siyasətlə məşğul olmağı planlaşdırmadığını bildirib.
News365.az xəbər verir ki, o, bu barədə Cənubi Kiprin paytaxtı Nikosiyada, qeyri-rəsmi Avropa sammiti öncəsi fransız-kipr məktəbinin şagirdləri ilə görüş zamanı danışıb.
"Mən əvvəllər (prezidentliyə qədər-red.) siyasətlə məşğul olmamışam və bundan sonra da məşğul olmayacağam", deyə Makron bildirib.
Onun sözlərinə görə, ikinci beşillik prezidentlik dövrünün son mərhələsində ən çətin məsələ əldə olunan nailiyyətləri qorumaq olub. Fransa prezidenti qeyd edib ki, vaxtilə ölkəsinin həyatına maraq göstərdiyi və ideyalarını həyata keçirmək istədiyi üçün siyasi hərəkat yaradaraq prezidentliyə namizədliyini irəli sürüb.
"Bu, yalnız faydalı hesab etdiyim işləri görmək üçün deyil. Bu, ölkəmin və Avropanın irəliləməsi, həmçinin inandığım dəyərlərin qorunması uğrunda mübarizədir. Bu, mənim üçün bir ehtiras məsələsidir", deyə o əlavə edib.
Qeyd edək ki, Emmanuel Makron 2017-ci ilin mayında keçirilən seçkilərin ikinci turunda qalib gələrək Fransa prezidenti olub. O, 2022-ci ilin aprelində ikinci dəfə bu vəzifəyə seçilib.