Bu il "Azercell" şirkətinə qarşı həyata keçirilən DDoS hücumlarının trafiki bir nəfərin 530 gün fasiləsiz "Netflix" izləməsi və ya 30 il ərzində "Spotify"a qulaq asması üçün tələb olunan həcmdə olub.
News365.az xəbər verir ki, bunu "Azercell" şirkətinin Kibertəhlükəsizlik şöbəsinin rəhbəri Mais Şərifli "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) çərçivəsində keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, tədbirin keçirildiyi Nərimanov rayonunda yerləşən abunəçilərin bir aylıq internet trafiki belə şirkətə yönələn DDoS hücumlarının həcmini üstələyə bilmir:
"Kiberhücumların simulyasiyası bizim üçün böyük əhəmiyyət daşıyır. Bu simulyasiyaları aylıq, həftəlik, rüblük və illik olaraq həyata keçiririk. Ən çətin istiqamətlərdən biri DDoS simulyasiyalarıdır və biz onları hər rübdə təşkil etməyə çalışırıq. Bu, şirkətin dayanıqlığını artıran əsas amillərdən biridir".
M. Şərifli əlavə edib ki, "Azercell" bu ildən etibarən süni intellekt texnologiyalarının tətbiqinə başlayıb:
"Bir sıra beynəlxalq vendorlarla əməkdaşlıq imkanlarını nəzərdən keçirdik, lakin yüksək maliyyə tələblərinə görə bu prosesi daxili resurslarımız hesabına həyata keçirməyə qərar verdik. İlk mərhələdə "chatbot"lar üzərində iş apardıq. Bu aydan isə süni intellektə bəzi kibertəhlükəsizlik qərarlarını avtomatik qəbul etməyə icazə vermişik. O, artıq bir neçə bloku müstəqil şəkildə həyata keçirib və sonradan apardığımız təhlil göstərdi ki, bu qərarlar doğru olub. Lakin süni intellektin effektiv işləməsi üçün ona düzgün formatda hazırlanmış geniş həcmli data və loqlar lazımdır"./Report