Livan Prezidenti: İsrailin hücumları ordumuzun cənub sərhədində yerləşdirilməsinə mane olur

Livan Prezidenti: İsrailin hücumları ordumuzun cənub sərhədində yerləşdirilməsinə mane olur
06 Sen 2025 23:00

İsrail işğal etdiyi ərazilərdən qoşunlarını çıxarmalıdır ki, Livan Ordusu cənub sərhədində yerləşdirilməsini başa çatdırsın.

News365.az xəbər verir ki, bunu Livan Prezidenti, general Cozef Aun Beyrutda ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperi qəbul edərkən deyib.

"Livan hərbçiləri hazırda Litani çayının cənubundakı ərazinin 85 %-ə nəzarət edir və hücumlarını davam etdirən İsrail tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhəddə qoşunların yerləşdirilməsinin qarşısı alınır", - siyasətçi bildirib.

Aun ABŞ-ni İsrailə təzyiq göstərərək, 27 noyabr 2024-cü il tarixli atəşkəs sazişinin hərbi əməliyyatların dayandırılmasını, Livanın cənubunda işğal olunmuş beş yüksəklikdən qoşunların çıxarılmasını və məhbusların geri qaytarılmasını tələb edən şərtlərinə əməl olunmasına çağırıb.

"Bu addımlar Livan hökumətinin avqustun 5-də yarımhərbi qruplaşmaların, o cümlədən "Hizbullah" hərəkatının əlində olan bütün silahların orduya təhvil verilməsi ilə bağlı qərarın həyata keçirilməsinə töhfə olacaq", - Prezident qeyd edib.

Eyni zamanda, o, Livan ordusunun bütün ölkə ərazisində tapşırıqlarını uğurla yerinə yetirməsi üçün ona dəstək verilməsinin, lazımi texnika və texnologiya ilə təmin edilməsinin vacibliyini vurğulayıb.

Aunun sözlərinə görə, hərbçilər çətin coğrafi və əməliyyat şəraitində fəaliyyət göstərirlər. O, ilin əvvəlindən bəri 12 zabit və əsgərin silahların müsadirə edilməsi, döyüş sursatı daşınması, minaların təmizlənməsi və digər əməliyyatlar zamanı həlak olduğuna dair məlumatlara istinad edib.


Sizin reklam burada
Sizin reklam burada