Dünya yavaş-yavaş boşalır sanki. Ətrafımızda olan, baş verən hadisələr onu deməyə əsas verir. Bu qədər inkişaf, yenilik, qaynayan həyat tərzimiz bizi gələcəyə ruhlandırsa da, yeni arzu və istəklərin ümidi ilə yaşasaq da, içimizdə bir boşluq var. Bəzən qaranlıq bir dalanda ilişib qalırsan elə bil. Adamı sakitliyin, sükunətin vahiməsi boğur. Özün-özünlə tək qaldıqca hər şeydən uzaqlaşırsan. Yalqızlığın acısını yaşayırsan.
Bəzən də, özün tək qalmaq, ötənlərə, olmuşlara kənardan durub baxmaq istəyirsən. Nəyi, necə, harada səhv etdim suallarına cavab axtarırsan. Bu, əslində, yaxşıdır. Çünki insan özünə hesabat verir, nəticə çıxarır. Ancaq ətrafımızda olan yaxın, dost və doğma insanlar bizi tərk etdikcə daha da yalqızlaşırıq. Bax, o boşluq daha da dərinləşir, əhatəsi böyüyür. Onlar getdikcə hərəsi bir dəyəri, ənənəni özü ilə aparır. Geriyə yalnız xatirələr qalır. Onlarda qəlbi incitməkdən və kövrəltməkdən başqa bir şey deyil.
Bəlkə də, yaş öz işini görür məsəli burada yerinə düşür, biz də yaşlanmağa doğru gedirik, bilmirəm. Amma içimizdəki boşluğu heç nə ilə doldura bilmirik. Elə məqamlar var ki, o anda bizi tərk edən insanların yeri görsənir. Fikirləşirsən ki, filankəs olsaydı, belə edərdi.
Lakin təəssüf ki, onlar da həmin şeyləri özləri ilə aparıb. Elə bax, buna görə də insanlar arasında səmimiyyət, mehribançılıq və qohumluq da soyuyur. Əlaqələr yavaş-yavaş itir. Nə axşamlar ürəyim darıxdı deyib, qohum evinə gedən, nə də çəpər başından "ay qonşu, gəl bir çay içək" deyən var. Varsa da az var.
Məsələn, mən uşaq vaxtı nərd səsindən həzz alırdım. Taxtaya dəyən hər daşın şaqqıltısı və ardınca oyunçuların bir-birinə atmacalı sözləri hələ də yadımdadır. Uzun qış gecələri qonşuluqda olan böyük dayım bizə gələrdi. Atamın kolxozun haqq-hesab məsələlərini yazdığını görüb, "əşşi sən də qurtar görüm" deməsi, atamın da "indi səni mars edim, bax" cavabı uşaq yaddaşıma həkk olub. Və yaxud da isti yay günləri Yaqub həkimin qaynı şef Mamedovla (atam dayıma belə müraciət edərdi) oynadığı nərdin səsi darvazaya kimi gedərdi. Bir gün evə qonaq gələn olmayanda valideynlərim narahat olardılar ki, bizə niyə gələn olmadı. Tayfamızda hansı qıza kim elçi düşürdüsə, birinci atamın yanına gələrdi. Ona görə də kimin oğluna, kimin qızını alacaqlar, ən birinci biz bilərdik. Dəyərlər, ənənələr var idi.
Ancaq indi hərə qapısını bağlayıb sakitlik axtarır. Qohum-qohumu, əminəvəsi, dayınəvəsi, ikinci, üçüncü mərhələ nəsillər bir-birini tanımır. Ona görə də ətrafımızdakı boşluqlar böyüyür, xarakterlər, münasibətlər soyuyur. Mən bunu ilk dəfə dəqiqliyi ilə atam rəhmətə gedəndən sonra gördüm. Bir zamanlar qonaq-qara ilə dolub-daşan evimiz birdən-birə sükuta qərq olmuşdu. Qohumlar da yadlaşmışdı elə bil. Mən bu dəyərlərin öləzidiyini qapımıza gələn doğmaların tez durub getməyindən hiss etdim. Atam sağ olanda gecə saatlarına kimi heç kim o icazə verməsə getməzdi...
Bax, bizi biganələşdirən itirdiyimiz dəyərlərdir. Nə biz keçmiş kimi ola, nə də olanları gələcəyə daşıya bilirik. Düşdüyümüz boşluqda, soyuduğunuz münasibətlərdə üşüyürük...
Ramidə Allahverdiyeva