"Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlıq möhkəmlənir"- Nigar Məmmədova

"Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlıq möhkəmlənir"- Nigar Məmmədova
13:38

"Cənubi Qafqazla Mərkəzi Asiya arasında əlaqələrin dərinləşməsi bu regionlardakı ölkələrin də münasibətlərinin inkişafını zəruri edir. Azərbaycan–Qazaxıstan münasibətləri də bu mənada xüsusi əhəmiyyətə malikdir. Bakı ilə Astana siyasi əlaqələri yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Prezident İlham Əliyevin Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində də qeyd olunduğu kimi, “biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Təbii ki, fəal və konstruktiv dialoq bu əlaqələrin hərtərəfli inkişafını şərtləndirir.”

Milli Məclisin deputatı Nigar Məmmədova bu sözləri News365.az-a açıqlamasında deyib. 

Azərbaycan Prezidenti son 3 ildə Qazaxıstana artıq 7 dəfə səfər edib. Budəfəki səfərin də çox zəngin gündəliyi var. Tərəflər bütün istiqamətlər üzrə geniş fikir mübadiləsi apardılar.

20 il ərzində, yəni strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasından etibarən müxtəlif sektorlarda əməkdaşlıq daha da genişlənib. Yeni yaradılan Ali Dövlətlərarası Şura çərçivəsində çoxsaylı faydalı müzakirələr aparılır. Ölkələrimiz Türk Dövlətləri Təşkilatı başda olmaqla bütün nüfuzlu beynəlxalq qurumlarda bir-birini dəstəkləyir.

İqtisadi sahədə də Bakı və Astana üçün ortaq əməkdaşlıq sahələri mövcuddur. Cənab Prezident Qazaxıstan mətbuatına müsahibəsində də qeyd etdi ki, “bu günə qədər Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.”

Burada, təbii ki, Orta Dəhlizin vacibliyini xüsusi qeyd etməliyik. Belə ki, dəhliz davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.

2022-ci ildə imzalanan Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” də Azərbaycan, Türkiyə və Qazaxıstanın nəqliyyat-logistika infrastrukturunun inkişafını, əlavə yük axınının cəlb edilməsini nəzərdə tutur. Təsadüfi deyil ki, 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub.

“Orta Dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.

Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Azərbaycan və Qazaxıstan liderlərinin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı da keçirilib.

Səfər zamanı müzakirə mövzularından biri də Zəngəzur dəhlizi idi. Cənab Prezident də bəyan etdi ki, dəhlizin açılması 2028-ci ilin sonunadək baş verə bilər.

Ümumiyyətlə, yeni nəqliyyat marşrutları regionun beynəlxalq ticarətə inteqrasiyasını gücləndirir. Bu səbəbdən dövlətlər sağlam rəqabət fonunda maliyyə sabitliyini qoruyub saxlamağa çalışırlar.

Azərbaycan və Qazaxıstan həm də Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi layihəsini icra edir. Bu, rəqəmsal inteqrasiyanı gücləndirərək tərəflərə əlavə dividendlər qazandıracaq.

Məlum geosiyasi dəyişikliklər fonunda Mərkəzi Asiya və Cənubi Qafqaz regionları üçün çoxvektorlu əməkdaşlığın genişlənməsi bütün tərəflər üçün vacibdir. Bu kontekstdə müxtəlif iqtisadi və hərbi-strateji təşkilatlar çərçivəsində strateji təşəbbüslərin icrası qlobal aktorların da bu regiona marağını artırır. Region ölkələri isə iqtisadi-siyasi dialoqla yanaşı, təhlükəsizlik tədbirlərini gücləndirmək istiqamətində də yeni prioritetlər müəyyənləşdirməkdədirlər. TDT çərçivəsində hərbi əməkdaşlığın dərinləşməsi də bu mənada xüsusi önəm kəsb edir.

 Nigar Məmmədova


Sizin reklam burada
Sizin reklam burada